Azərbaycanda BMT-nin miqrasiya üzrə şəbəkəsi yaradılır




Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) üzv ölkələr arasında əməkdaşlığı daha da gücləndirən BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin Azərbaycan Respublikasında yaradılması ilə əlaqədar onlayn tədbir keçirilib.



Görüşdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Niderland Krallığı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirləri, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, həmçinin BMT sisteminə daxil olan təşkilatların, BMqT-nin Cenevrədə yerləşən mənzil-qərargahı və Vyanadakı ofisinin rəhbər şəxsləri, habelə Azərbaycan Respublikasının müvafiq qurumlarının, Qeyri-Hökumət Təşkilatlarının, şirkətlərin, xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərinin məsul əməkdaşları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əvvəlcə tədbir iştirakçıları ilə birgə son günlərdə Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumları nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin və vətəndaşlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Nitqində BMT və BMT-nin Miqrasiya Agentliyi olan BMqT ilə sıx əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayan V.Hüseynov BMT-nin Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasını BMT-nin Baş Katibinin təşəbbüsü ilə Azərbaycan Respublikasının da qoşulduğu “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədində əksini tapan məsələlərin daha da uğurla icra edilməsinə töhfə verəcəyini qeyd edib.

Bildirib ki, insanlar, ölkələr və icmalar arasında səmərəli dialoqun qurulması Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və ölkəmizin Qlobal Pakta qoşulması bunun bariz göstəricisidir. Xidmət rəisi qeyd edib ki, Şəbəkənin ölkəmizdə qurulması ilə bağlı gözləntilər çoxdur və bu platforma yeni bilik, bacarıqlar, təcrübələr və digər faydaları əldə etməklə yanaşı, miqrasiya ilə bağlı məlumat, statistika və Azərbaycanın mövcud ən yaxşı təcrübələrinin digər dövlətlərlə bölüşülməsində əlverişli vasitə olacaq.

Qeyd olunub ki, dünyanın COVID-19-la mübarizədə əməkdaşlığa, həmrəyliyə əvvəlkindən daha da çox ehtiyac duyulduğu dövrdə bugünkü görüş xüsusi əhəmiyyətə malikdir. Vüsal Hüseynov pandemiya dövründə DMX-nin fəaliyyətinin əsas məqamları barədə də məlumat verərək, bu istiqamətdə müxtəlif həll yolları vasitəsilə işlərin səmərəli və operativ təşkil olunduğunu vurğulayıb. Yaranmış çətin vəziyyətdə Şəbəkənin fəaliyyətinin bütün istiqamətlər üzrə beynəlxalq miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından olduqca önəmli olduğunu qeyd edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai, BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev yaradılan Şəbəkənin miqrasiya idarəçiliyi və əməkdaşlıq üçün əhəmiyyətini qeyd edərək DMX tərəfindən Azərbaycanda əhalinin həssas qrupuna daxil olan miqrantların, həmçinin qaçqınların pandemiya dövründə yaranmış problemlərinin həllində çevik və səmərəli tədbirlərin təşkilini, yardım kampaniyaları təşkil edən beynəlxalq təşkilatların çağırışına verilən dəstəyi vurğulayıblar.

Miqrasiya üzrə Şəbəkənin Cenevrədə yerləşən Qərargahının nümayəndəsi “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası istiqamətində Azərbaycanla səmərəli əməkdaşlığın mövcud olduğunu, eləcə də BMT Baş katibinin Xüsusi Nümayəndəsinin qeyd olunan sənədin icrası ilə bağlı hesabatına Dövlət Miqrasiya Xidməti tərəfindən verilən töhfələrə görə minnətdarlıq edib.

Daha sonra tədbir iştirakçıları tərəfindən BMT Miqrasiya Şəbəkəsinin Azərbaycanda yaradılmasına dair texniki və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, BMT Miqrasiya Şəbəkəsi 2018-ci ilin may ayında qəbul olunmuş “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” sənədinin icrasına dair ölkələrə effektiv, koordinasiyalı və sistemli şəkildə dəstək verilməsi üçün yaradılıb. BMT Baş katibinin bu təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri Azərbaycan olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu