Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət qaydaları açıqlandı
Əhali arasında koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycanda xüsusi karantin rejimi, bir sıra şəhər və rayonlarda isə sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.
"Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.
Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. İcazələr Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir.
Sahibkarlıq subyektləri tərəfindən icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq, bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv edilib. Bununla əlaqədar, fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər “icaze.e-gov.az” portalına daxil olmaqla işçi heyətinin qeydiyyatı ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməli olublar.
İqtisadiyyat Nazirliyi bildirir ki, fəaliyyətinə icazə verilmiş sahələr barədə məlumat vergi ödəyicilərinin internet vergi idarəsindəki şəxsi elektron kabinetinə göndərilir. Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri aşağıdakı vasitələrlə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər:
Yazılı şəkildə (kağız daşıyıcısında);
Onlayn kargüzarlıq (e-taxes.gov.az saytındakı elektron kabinet vasitəsilə);
“195-1” Çağrı Mərkəzi.
Daxil olan müraciətlər Dövlət Vergi Xidmətinin vahid məlumat bazasına yönəldilir və yerli vergi orqanları tərəfindən təxirə salınmadan araşdırılır. Müraciətin araşdırılması zamanı vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə siyahısı təsdiq edilmiş fəaliyyətinə icazə verilən sahələrə aid olub-olmadığı yoxlanılır. Müraciət əsaslı olarsa, həmin vergi ödəyicisinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal “ASAN xidmət”ə göndərilir.
Vergi ödəyicilərindən daxil olan müraciətlərin araşdırılması zamanı ən çox rast gəlinən hallardan biri də vergi ödəyicilərinin real fəaliyyət sahəsi təsnifat kodu üzrə əsas fəaliyyət sahəsinə uyğun gəlməməsi və ya vergi orqanlarına fəaliyyət sahələri üzrə təqdim olunan məlumatlarda uyğunsuzluqların müşahidə edilməsidir ki, bu da icazələrin aktivləşdirilməsində çətinliklər yaradır. Vergi sisteminin məlumat bazasında əvvəllər icazəsi olmuş, hazırda isə icazələrin verilməsi məhdudlaşdırılmış bu cür bir sıra hüquqi və fiziki şəxs vardır. Belə hallar zamanı hüquqi və fiziki şəxslərdən öz şəxsi məlumatlarına bir daha baxılması və fəaliyyət istiqamətlərini dəqiqləşdirməsi tövsiyə edilir. Hazırda həmin hüquqi və fiziki şəxslərlə bağlı məsələlər araşdırılır və fəaliyyəti zəruri olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə bərabər şəraitin yaradılması, sahibkarların maliyyə zərərlərinə məruz qalmaması üçün qısa müddətdə onların işçilərinin sayına uyğun olaraq məhdud sayda icazələrin aktivləşdirilməsi nəzərdə tutulur.
Fəaliyyətinə icazə verilməyən, lakin fəaliyyətinin dayandırılması mümkün olmayan zəruri sahələrlə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti üzrə əlavə müraciət ediləcəkdir. Dövlət qurumları isə işçi heyətin sayına əlavə ehtiyaclar yaranacağı təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidirlər.
İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinın qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır. 6 iyul saat 14.00-a olan məlumata görə, artıq “icaze.e-gov.az” portalında 24 862 işəgötürən tərəfindən 552 616 işçiyə icazə alınıb.
İqtisadi fəallığın saxlanmasında bilavasitə maraqlı olan İqtisadiyyat Nazirliyi sahibkarları ölkədə yaranmış sanitar-epidemioloji duruma həssaslıqla yanaşmağa çağırır. Hazırda nazirliyin bütün strukturları fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan vergi ödəyicilərinin qarşılaşdığı çətinlikləri həll etmək üçün səfərbər olunub.
İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrin fəaliyyət kodlarını təqdim edir. Hüquqi və fiziki şəxslər fəaliyyətinə icazə verilən sahələr, habelə işçi sayına tətbiq edilən məhdudiyyətlər barədə məlumatı aşağıdakı link vasitəsilə dəqiqləşdirə bilərlər: