Vüqar Səfərli dövlətə vurduğu ziyanın 100 min manatını ödədi
Hesablama Palatası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) apardığı yoxlamaların nəticəsi olaraq Baş Prokurorluğa 400 səhifəlik hesabat təqdim edib.
AFN xəbər verir ki, bu barədə "Report"a hökumətdəki mənbə bildirib.
Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyi yol verdiyi nöqsanlar hesabına dövlətə vurduğu ziyanın 100 min manatını artıq ödəyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib. Bundan sonra Hesablama Palatası qurumda yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə noqsanlar aşkar edilib və bununla bağlı materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.