Rusiya hərbi bazalarını nə məqsədlə gücləndirir? (ŞƏRH)
"Rusiyanın Suriya ilə bağlı başqa planı da var. Rusiya Suriyanın bir sıra bölgələri üzərindən "Aralıq dənizi - Fars körfəzi” nəqliyyat dəhlizi yaratmaq üçün Suriya və İraq arasında yeni bir dəmir yolu çəkməyi planlaşdırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, Rusiyanı bürüyən və bu ölkədə ciddi itkilər yaradan koronavirus epidemyasına baxmayaraq, Kreml təhlükəsizlik planlarını reallaşdırmaqdan vaz keçməyib:
"Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə Suriyada əlavə daşınmaz əmlak və dəniz sahilinin Rusiya hərbçilərinə verilməsi ilə bağlı Dəməşqlə danışıqlar aparmaq barədə göstəriş verib. Razılıq əldə olunarsa, Suriya ilə Rusiya silahlı qüvvələrinin aviasiya qrupunun yerləşdirilməsinə dair tərəflər müvafiq protokol imzalayacaqlar. Aydındır ki, Rusiyadan tam asılı olan Bəşər Əsəd Kremlə "yox” deməyəcək. Moskva Suriyadakı hərbi bazasını genişləndirməklə ilk növbədə ABŞ-a mesaj göndərir ki, Rusiya Suriya üzərindən Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək siyasətinə sadiqdir. Rusiya Suriyanı tərk etməyəcək və bu ölkədə Əsəd rejimi üzərindən maraqlarını müdafiə edəcək. Kreml Suriyada vahid hərbi baza yaradacaq. Vahid hərbi baza Tartusdakı və Latakiyadakı – Hmeymidəki bazaları ortaq idarə edəcək. Rusiya eyni sxemi Qırğızıstanda tətbiq edir. Rusiyanın Qırğızıstanda 4 hərbi bazası var. Onlar vahid idarəetmə bazasında birləşirlər”.
Politoloq bildirib ki, 2015-c ildə formalaşan Rusiyanın Aerokosmik Qüvvələri Xmeymi bazasında yerləşir və müxtəlif silahlı qüvvələrlə mübarizədə Dəməşqə dəstək verir:
"Suriya rus hərbçilərinin orada qeyri-müəyyən müddətə qalmasına icazə verib. Rusiya və Suriya 2017-ci ildə Tartusda hərbi logistika nöqtəsinin yerləşdirilməsi barədə saziş imzalayıblar. Bu müqavilə 49 ildir etibarlıdır. Rusiya 2019-cu ildə, həmçinin Tartus limanını 49 il müddətinə icarəyə götürüb. Rusiya bu limandan NATO-nun birləşmiş donanmasının fəaliyyətini nəzarətdə saxlamağı düşünür. Kremlin Liviya planı iflasa uğramaq üzrədir, Moskvanın general Haftara verilən dəstəyinə baxmayaraq, o mərkəzi Tripoli hökumətinin ordusuyla döyüşlərdə ard-arda məğlubiyyətlərlə üzləşib. Kremldə anlayırlar ki, Liviya əldən getmək üzrədir. Ona görə də, Kreml Yaxın Şərqdə nəzarəti etdiyi tək ölkədə - Suriyada möhkəmlənməyə çalışır”.
Politoloq vurğulayıb ki, Rusiya Suriyada Türkiyə ilə əməkdaşlıq etsə və iki ölkə Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyət göstərsələr də, bir çox məsələdə rəqib olaraq qalırlar:
"Türkiyənin Bəşər Əsədə müxalif olan silahlı qruplara verdiyi dəstək əvəlkitək Kremli narahat edir. Kremldə hesab edirlər ki, Türkiyənin Liviyadakı uğuru Suriyadakı silahlı qrupların bir hissəsindən Liviyadakı döyüşlərdə istifadə etməsiylə bağlıdır. Ancaq Kreml buna qarşı açıq etiraz edə bilməz. Çünki, Rusiyanın özü də Liviyaya qeyri-rəsmi şəkildə muzdlu "Vaqner” qrupunu yerləşdirmişdi. Kreml bunu etiraf etməsə də, uğursuz döyüşlərdən sonra "Vaqner” qrupunun döyüşçlərini Rusiyanın hərbi təyyarələri vasitəsilə evakuasiya etmişdilər. İntentetdə buna dair kifayət qədər görüntü var. Rusiya ilə Türkiyə arasında azalmayan sualların nəticəsidir ki, Türkiyə Rusiyadan qaz idxalını xeyli azaldıb. Türkiyənin Azərbaycandan aldığı qazın miqdarı Rusiyadan aldığı qazın miqdarını üstələyir.
Kreml Bəşər Əsədi dəstəkləməyə davam edəcək. Doğrudur, ara-sıra belə xəbərlər də yayılır ki, guya Kreml Bəşər Əsəddən narazıdır, onun başqasıyla əvəz etmək barədə düşünür. Əslində bu xəbərlər Moskvanın Əsədə mesajıdır ki, o Rusiyanın istəyi əleyhinə addım atsa, Kreml onu bir başqasıyla dəyişə bilər. Kreml eyni siyasəti Ermənistanın baş naziri Nikol Paşinyana qarşı də həyata keçirir. Rusiyanın mediasında ara-sıra Paşinyanı tənqid edən yazılar yayınlanır. Moskvanın Paşinyana mesajını bu şəkildə oxumaq lazımdır: "Rusiyanın maraqlarını nəzərə almasan və ya Amerika ilə çox yaxınlaşmaq istəsən, Səni bir başqasıyla əvəz etmək gücündəyik.
Kreml yaxın dörd ildə Suriyanın Tartus limanını modernləşdirmək üçün 500 milyon dollar ayırmağı planlaşdırır. Rusiya Müdafiə Nazirliyi köhnə limanı yenidən quracaq. Rusiyanın Suriya ilə bağlı başqa planı da var. Rusiya Suriyanın bir sıra bölgələri üzərindən "Aralıq dənizi - Fars körfəzi” nəqliyyat dəhlizi yaratmaq üçün Suriya və İraq arasında yeni bir dəmir yolu çəkməyi planlaşdırır”.
Elxan Şahinoğlu qeyd edib ki, Kremldə Suriya ilə bağlı müxtəlif planlar reallaşdırılarkən, Rusiya cəmiyyətini Suriyada baş verənlərə az maraqlandırır:
"Rusiya vətəndaşlarının Suriyadakı proseslərə marağı xeyli azalıb. Məsələn, aparılan sorğular göstərir ki, Rusiyanın Suriyada hərbi əməliyyatının başa çatmasını dəstəkləyənlərin sayı 2017-ci ildəki 49 faizlə müqayisədə 55 faiz artıb. Başqa sözlə Suriyadakı müharibə Rusiyada populyarlığını itirir. Suriyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçisi statusyla daxil olmasına gəldikdə isə, Rusiyadan əlavə bu qərarırın lehinə təşkilatın digər üzvü Qazaxıstan dəstəkləməlidir. Astana Rusiya ilə yanaşı Türkiyə ilə də strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Ankara Qazaxıstanın Suriyanın KTMT-yə daxil olması məsələsində Bəşər Əsədə dəstəyindən aşkar narazı qalacaq. Ona görə də Astana Moskvanın Bəşərə Əsədə dəstək siyasətinə ehtiyatla yanaşmaq məcburiyyətindədir”.