Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı! - FOTOLAR
Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Müqəddəs Ramazan ayı boyu aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqat çatdırıb
“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir. Belə ki, şirkət karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərib. Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb. Azercell-in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar.
Sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə I-ci qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylamışdı.
Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət “Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.
Qeyd edək ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.