Karantindən sonra bu şəxslərə mənzil və avtomobillər veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun 2020-ci ildəki hədəflərindən danışıb.
Nazir “Azərbaycan” qəzetinə müsahibəsində vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial müdafiə və aktiv məşğulluq proqramları, eyni zamanda bu proqramların genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq:
“Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib, 2020-ci ildə isə onlara bundan 60,6 faiz çox olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib.
Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri davam etdiriləcək.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST mərkəzləri şəbəkəsinin bu il regionlar üzrə genişləndirilməsi işləri aparılacaq.
Ötən il Bakının Yasamal rayonunda 1 saylı və Xəzər rayonunda 2 saylı DOST mərkəzləri yaradılıb, yaxın günlərdə paytaxtın Nizami rayonunda 3 saylı DOST mərkəzinin açılışı olacaq.
Bu il həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.
2019-cu ildə Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb.
2020-ci ildə Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini təmin edəcəyik.
Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzlərinin açılması da bu ilə planlaşdırılıb.
Ümumilikdə cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
Peşə hazırlığı mərkəzləri şəbəkəsinin regionlar üzrə genişləndirilməsi üçün bu il üç rayonda – Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin açılması da planlaşdırılır”.