Kamaləddin Qafarov: "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifəsidir"




“2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və bu istiqamətdə qəti cavab zərbələri endirildi.” – bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov ordumuzun 2016-cı ildə böyük uğur qazandığı Aprel döyüşlərinin 4-cü ildönümündən bəhs edərkən bildirmişdir.



Millət vəkili demişdir ki, uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də düşməndən azad olundu. Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30 tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

K.Qafarov qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin beynəlxalq təşkilatlara və dövlətlərə yalvarışlarından sonra Azərbaycan hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşi nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Aprel döyüşlərində bu tarixi qələbədən sonra Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verilmiş oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldıvə burada çox böyük tikinti-abadlıq işləri aparıldı.

Mİllət vəkili bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev bu tarixi qələbə haqqında çox haqlı olaraq demişdir:“Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq...”.

Kamaləddin Qafarov sonda vurğulamışdır ki, dörd gün davam etməsinə baxmayaraq, Aprel döyüşlərinin nəticəsi ölkəmiz üçün hədsiz dərəcədə əhəmiyyətli oldu. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu qələbə bir də onu əyani şəkildə sübut etdi ki, Dağlıq Qarabağın, bütün əzəli torpaqlarımızın düşməndən azad ediləcəyi gün uzaqda deyildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu