İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək
Koronavirus (COVID-19) pandemiyasının ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara təsirini öyrənmək məqsədi ilə müzakirələr aparılıb.
Bu barədə AFN-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorları ilə yanaşı, ictimai iaşə sahəsinə də təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.
Vurğulanıb ki, Azərbaycan dövləti hər zaman sahibkarların yanındadır və bu çətin vaxtlarda da sahibkarlara dəstək göstəriləcək.
Koronavirus infeksiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər sahibkarlara çatdırılıb və qeyd edilib ki, hazırda koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə dəstək mexanizmləri və iqtisadi artımın davamlığının təmin olunması üçün müvafiq təkliflər hazırlanır.
Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı müstəvisində neqativ iqtisadi təsirlərin aradan qaldrılması üçün tədbirlər görülür. Özəl sektorun sosial məsuliyyəti bölüşməsi mühüm şərtdir və bu istiqamətdə sahibkarlara dəstək tədbirləri müəyyənləşdirilir. Bu baxımdan, sahibkarlara işdən azad edilmə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ məsuliyyət və sosial həmrəylik nümayiş etdirmək tövsiyə olunur.