Saxta yolla maska satan dəstəyə Cavanşir Feyziyevin adamı rəhbərlik edirmiş - Həbs edilib(FOTO)
Bir neçə gün əvvəl saxta yolla maska və digər tibbi avadanlıqlar əldə edib dəyərindən qat-qat baha qiymətə satmaq istəyən çinli, iranlı və azərbaycanlılardan ibarət dəstə həbs edildi.
Xatırladaq ki, Prezident İlham Əliyev efirdə tibbi maskalara artan tələbatdan sui-istifadə edənlərin cəzalandırılacağını demişdi. Prezidentin həmin çıxışından sonra DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən keçirilən əməliyyat nəticəsində məlum olmuşdu ki, həbs edilən dəstə üzvləri ölkədə qıtlığı yaranan tibbi maskalardan külli miqdarda əldə ediblər. Həbs edilənlərin kimliyi açıqlansa da, tibbi ləvazimatları hansı yollar, hansı şirkətdən aldıqları haqda ictimaiyyətə məlumat verilməmişdi.
AFN-ə məsələnin detalları haqda məlumat verən mənbənin sözlərinə görə, həbs edilən dəstəyə rəhbərliyi "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı, aptek sahibi olan Riad Məmmədov edib. Maraqlıdır ki, R.Məmmədovun görüntüləri TV-lərdə verilsə də, adı hallandırılmayıb.
Onu da qeyd edək ki, "Avromed" şirkəti deputat Cavanşir Feyziyevə məxsusdur. O, parlamentin oliqarx deputatlarındandır. C.Feyziyefin həmçinin siqaret istehsalı ilə məşğul olan şirkətinin olduğu bildirilir.