“İcra başçısı da ev paltarında iş otağında ola bilər?” - PREZİDENT+VİDEO




“Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır”.



Bunu Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı əlavə edib ki, kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir:

“Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara? Ona görə bu biabırçı kadrlar, əlbəttə, onu göstərir ki, bu insanın və buna oxşar insanların mənəvi deqradasiyası nə dərəcədədir. İndi operativ məlumat toplanılıb və toplanılır. Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir.

Yəni, bir daha demək istəyirəm ki, bu, mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. İstisna olunmur ki, onun kimi icra başçıları və digər mərkəzi və yerli icra orqanlarının rəhbərləri ona oxşar hərəkətlər edir. Onların hər biri araşdırılacaq. Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu