Bu şəxslərin nəticələri ləğv oluna bilər - Şübhəli məqamların olduğu deyilir + SİYAHI
Mərkəzi Seçki Komissiyası ötən gün Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.
AFN demokrat.az-a istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, bir neçə dairədə səslər tam hesablanmayıb.
Həmin dairələrin arasında Hadı Rəcəblinin iştirak etdiyi 74 saylı Lənkəran Kənd, Hüseynbala Mirələmovun iştirak etdiyi 33 saylı Xətai Birinci, Çingiz Qənizadənin iştirak etdiyi 80 saylı İmişli-Beyləqan, Fəzail Ağamalının iştirak etdiyi 60 saylı Salyan-Neftçala, Şahin İsmayılovun iştirak etdiyi 81 saylı Beyləqan, Rauf Arifoğlu və İqbal Ağazadənin mübarizə apardığı 35 saylı Xətai Üçüncü seçki dairələri də var.
Sözügedən seçki dairələrində səslərlə bağlı əsaslı şübhələr yarandığı üçün nəticələr ləğv oluna bilər.
MSK sədri Məzahir Pənahov da sözügedən dairələrin nəticələri ilə bağlı araşdırma aparılması barədə fikirlər səsləndirib:
“Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub. Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur.
Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.