Xüsusi təyinatlı olmaq üçün nə etmək lazımdır? - ŞƏRTLƏR
Xüsusi Təyinatlı Qüvvələr - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvə hesab olunur.
30 aprel 1999-cu ildə yaranan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət nümayiş etdirmək lazımdır.
Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq elə də asan başa gəlmir. Bu kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək, müxtəlif heyvanların ətini (qurbağa, ilan) yemək öyrədilir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə daxil olan məlumata görə, Xüsusi Təyinatlı Qoşunlarda xidmət etmək üçün yalnız hərbi hissədə xidmət etdiyiniz müddət ərzində Xüsusi Təyinatlı Qoşunlarda xidmət etmək istəyinizi hərbi hissə komandanlığına bildirməlisiniz. Seçim zamanı tələblərə cavab verdiyiniz halda Xüsusi Təyinatlılara qəbul oluna bilərsiniz.
Silahlı Qüvvələrdə gizir və müddətdən artıq həqiqi hərbi xidmət hazırlığı kursuna daxil olmaq üçün nə etmək lazımdır?
Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hazırlığı kursuna daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Belə ki, hərbi hissələrdə vakant vəzifələr yarandıqda və ixtisasçılara tələb olduğu hallarda müraciətlər nəzərə alınaraq hərbi vəzifəlilər həqiqi hərbi xidmətə qəbul ediləcəklər.
Qeyd edək ki, məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələri xahiş olunur.