MSK Fərəc Quliyevin səs yazısına münasibət bildirib
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb.
"Report"un xəbərinə görə, səs yazısında Mehman Hüseynova pul təklif olunur.
Artıq Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib.
“Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”, - F.Quliyev açıqlamasında bildirib.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov “Report”a açıqlamasında deyib ki, məsələ ilə bağlı MSK-ya hər hansı bir müraciət daxil olmayıb:
“MSK-ya hər hansı bir müraciət daxil olarsa, araşdırılacaq”.