İqbal Ağazadə yazdı, Rauf Arifoğlu cavab verdi - “Bəziləri gərək utandığından adımı zikr etməyəydi”




"Ümid partiyasının rəhbərlərinin və İqbal Ağazadənin tərəfdarlarının, səlahiyyətli nümayəndələrinin haqqımda apardıqları kampaniyanı izləyirəm. Şikayətçi deyiləm. Mənim 35 saylı dairəyə bir ərizə ilə müraciət etməyimlə, ölkədə parlament seçkilərinə start verilib. Hansı dairədən namizədliyimi versəydim, belə olacaqdı və oralarda da mütləq kimsə tapılacaqdı ki, desin, "Rauf Arifoğlu niyə gəldi?". Kimsə özündən güclü olan, yaxud gücünü öz gücünə yaxın hiss etdiyi namizədi sevməz, istəməz”.



Bunu Modern.az-a açıqlamasında "Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu Ümid Partiyasının sədri İqbal Ağazadə ilə parlament seçkilərinə eyni dairədən namizəd olmasına ağız büzənlərə verdiyi cavabda deyib.

O bildirib ki, demokratiyadan danışanlar, "demokratam” deyənlər bu istəməzliyi bir az fərqli, daha sivil ifadə etməlidirlər:

"Dünyadakı ən böyük dəyərin əslində demokratiya və hüquq olduğunu unutmamaq lazımdır. Zahidin haqdan qaçması kimi, azcana bunlara əziyyət olacaq bir situasiyada dönüb, demokratiyadan qaçırlar. Milli mentalitetdən danışırlar. Milli mentalitetə qalsaydı, bəziləri gərək utandığından mənim adımı zikr etməyəydi”.

Media Qrupun rəhbəri bütün iddialara cavabının olacağını da istina etməyib:

"İqbal Ağazadəyə uğur arzulayıram. Ona və bütün iddialara cavablarım olacaq. Bir az səbr...

Yeri gəlmişkən, xatırladıram ki, daha iki ”türmə dostu”, iki ''xlebnik'' 15 saylı dairədən biri-birinə rəqibdirlər - Arif Hacılı və Sərdar Cəlaloğlu. İki tanınmış jurnalist və iki dost - Zahir Əzəmət və Ceyhun Musaoğlu isə 45 saylı dairədə yarışacaq. Daha da olacaq. Əslində dəyər budur, demokratiyanın oyun qaydaları budur. Kimə hara uyğundur, kim şansını hansı dairədə görürsə, oradan da namizədliyini verir. İqbal Ağazadə də belə bir şansın arxasınca 2015-ci ildə Ağdaşa getmişdi. 90 saylı dairəyə. Orada ona daş atırdılar ki, "bizim dairəyə niyə gəldin?!”. İndi də "Ümid"çilər həmin daşları mənə atırlar - bizim dairəyə niyə gəldin, deyə. Sağ olsunlar. Məni iqtidar namizədi elan edib, seçicilərini də yönləndirilər ki, İqbal bəyin şansı qalmadı”...

Xatırladaq ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Facebook səhifəsində Rauf Arifoğlunun eyni dairədən namizədliyini verməsinə bu cür reaksiya verib:

"35 saylı Xətai 3-cü seçki dairəsindən Rauf Arifoğlunun namizədliyini irəli sürməsi çoxlarınızda emosiya və aşırı təpki yaradıb. Hamınızı anlamağa çalışıram, reaksiyalarınıza və düşüncələrinizə hörmətlə yanaşıram. Lakin... Bizim mücadilə və mübarizəmiz dəyərlər və qanunlar üçündür. Biz bu ölkədə dəyərlərin və hüququn aliliyi naminə hər şeyimizdən keçməyə hazırıq. Hüquq Rauf bəyə haqq verir ki, istənilən dairədən namizədliyini irəli sürüb, mübarizə aparsın. Passiv seçki hüququndan istifadə etməyə kimsəyə qadağa qoymağa nə mənim, nə də sizin haqqınız yoxdur.

Təəssüf edirəm ki, həm sizlər, həm də Rauf bəyi müdafiə edənlər ifrata vararaq bir - birinizi kiçiltməyə çalışırsınız. Etməyin.

Biz seçicidən səs almaq istəyirik. Və əminəm ki, alacağıq. Bunu hər kəs bilir, şübhə edənlər də həm təbliğat, həm də səsvermə günü bir daha şahid olacaqlar. Mən heç vaxt başqa dairədən namizədliyimi verməmişəm. Haqqım tanınanda da, tanınmayanda da bu dairənin seçicilərinə üz tutmuşam. Ənənəmə bu dəfə də sadiq qaldım.

Rauf bəylə şəxsi münasibətlərimizdən dolayı, sizlər onun namizədliyini bu dairədən verməsinə aqressiv yanaşırsınız. Mənim heç zaman onun namizəd olduğu dairədən iddia ortalığa qoymayacağımı bildiyiniz üçün emosional davranırsınız. Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən - həm də həmişə iddialı olduğu, onun daim ordan namizədliyini verdiyini bildiyim dairədən - namizədliyimi verməzdim. Bu mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Amma Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə, imtina etməyə vicdanları olsun. Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram. Həmişəki kimi dəstək ola bilməyəcəyəm, əziz Rauf bəy. Lakin seçki texnologiyalarını bilən adam kimi seçki qərargahınıza məsləhətlərimi əsirgəmərəm. Mən olduğum yerdə dəyərlər heç zaman pozulmayıb, bir ömür də belə olacaq - Mənə münasibətdən asılı olmayaraq. "Yeni Müsavat"dakı dostlarımız isə tarixin müxtəlif dönəmlərində müsahibə, reportaj və s. məsələləri xüsusi qabartmasınlar, o da Rauf bəylə mənim aramda. Rauf bəy, bir daha uğurlar arzu edirəm, sizinlə yanaşı gerçək mübarizə aparmaq istəyən hər kəsi bu dairəyə dəvət edirəm” – İ.Ağazadə qeyd edib.

Partiya sədri sonda bir məsələni də xatırladıb: "Bir gün yenicə Əməkdar artist adı alan müğənnilərdən biri mərhum sənətkarımız Habil Əliyevə deyir ki, bəs mənə də "Əməkdar artist" adı verdilər. Habil müəllim deyir ki, "onlar verdi, verdi, bəs sənin abrına nə gəldi ki, götürdün?". İndi namizəd olanlar bir də bunu düşünsünlər, xalq səs vermirsə, nəyisə götürməyin, daşıya bilməyəcəksiniz...”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu