Gələn ildən bağçalar elektron qəbula keçəcək - pilot layihə
Artıq 2 aydan çoxdur ki, Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətin öyrənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya tərəfindən aparılan yoxlamalarla bağlı BŞİH-də geniş tərkibli seminar-müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, BŞİH Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, Bakı şəhərində tikilən və əsaslı təmir olunan uşaq bağçaları barədə məlumat verib.
Daha sonra müşavirədə uşaqbağçalarında sanitar-epidimioloji vəziyyət və bununla bağlı aparılan araşdırmalar müzakirə edilib.
Komissiyanın apardığı yoxlamalar nəticəsində uşaq bağçalarında sanitar-epidemioloji vəziyyətin əvvəlki illərlə müqayisədə daha qənaətbəxş olması müəyyən edilib, lakin bununla yanaşı bəzi bağçalarda müəyyən nöqsanlar aşkarlanıb. Müşavirədə aşkar edilən nöqsanlar, onların aradan qaldırılması yolları geniş müzakirə edilib. Keçirilən seminar-müşavirədə bağçalarda sanitar epidemoloji vəziyyətin lazımi səviyyədə saxlanılması ilə əlaqədar mütəxəssislər və tibb işçiləri tərəfindən ətraflı izahat verilib.
Toplantıda aşkarlanan nöqsanlarla əlaqədar məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə vəziyyətin qısa müddətdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.
Müşavirədə həmçinin bağçalara elektron qəbula keçidlə bağlı məlumat verilib. Bildirilib ki, bu istiqamətdə işlər başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanacaq, sonradan isə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.