Xalça Muzeyində "Sərhədsiz muzey" adlı tədbir keçiriləcək




Hər il dünyada 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. Bu münasibətlə noyabrın 8-də, saat 18:00-da Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçiriləcək.



Qeyd edək ki, artıq görmə qabiliyyəti məhdud olan insanlar üçün muzeyin eksponatları barədə mətnlər ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunur. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri nümayiş etdirilir. Bununla da muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən hazırlanan hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud insanlar taktil (toxunma) üsulla duya bilirlər.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbir fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyində əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün lazımi şərait var. 2019-cu ilin əvvəlindən isə muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür. Eyni zamanda, həmin dövrdən etibarən muzeyin Ənənəvi texnologiya və Uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu