“Rusiyalı deputatın Qarabağa səfəri növbəti təxribatdır” – Azərbaycan XİN
“Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönələn növbəti təxribatıdır”.
Bunu Azərbaycan XİN-in mətbuat katibi L.Abdullayeva Rusiya Dövlət Dumasının üzvü K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forum”da qanunsuz iştirakına münasibət bildirərkən deyib.
“Məlum olduğu kimi, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilib. K.Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır.
Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu yaxınlarda “Valday” beynəlxalq diskussiya klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir.
İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda K.Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”, XİN rəsmisi əlavə edib.