Turizm Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub. Tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 4 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması istiqamətlərində tədbirlərdən ibarət olub. O əlavə edib ki, hazırda Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq turizm sektoru dinamik inkişaf meyli nümayiş etdirir: “2019-cü ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53%-i Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22.8% və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40.4% və 38.1% artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb. Cənubi Asiya regionundan gələn qonaqların əksəriyyətini Hindistan (39 min; 68% artım) və Pakistan (29 min; 12.9% artım) vətəndaşları, Mərkəzi Asiyadan gələnlərin böyük hissəsini isə Türkmənistan (32 min; 82.9% artım) və Qazaxıstan vətəndaşları (31 min; 21.2% artım) təşkil edib. Türkiyədən gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% artaraq 203 min nəfər olub. Yaxın Şərq və İrandan gələnlərin sayı 23 min və 22 min azalaraq müvafiq olaraq 264 min və 164 min nəfərə enib. Qeyd etmək lazımdır ki, 2018-ci ilin dekabr ayında Çin, Hindistan, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri fəaliyyətə başlayıb. Cari ilin yanvar-avqust dövrü ərzində bu ölkələrdən gələnlərin sayı keçən illə müqayisədə 35 min və ya 17% artaraq
237 min nəfərə çatıb. Eyni zamanda turizm xidmətləri üzrə tədiyə balansının müsbət saldosu qorunub saxlanılıb.”
Müzakirələrdə o da qeyd edilib ki, ölkədə turizm sahəsində strateji yol xəritələrinin icrası çərçivəsində görülən işlərin nəticələri beynəlxalq mötəbər reytinq agentlikləri tərəfindən də təsdiq edilməkdədir. Belə ki, Dünya İqtisadi Forumunun "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatın əsas indikator qruplarından sayılan biznes mühiti üzrə Azərbaycan 7 maksimum baldan 5.1 bal əldə edib ki, bu da ölkəyə müvafiq indikator üzrə 57-ci yerdən 28-ci pilləyə qədər irəliləməyə imkan verib, əldə olunan nailiyyətə əsasən ölkə müvafiq indikator üzrə “ən inkişaf etmiş” ölkə statusunda qiymətləndirilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mülki Aviasiya Administrasiyası, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak edib