“Müasir düşüncə - gələcəyə addım” hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramını reallaşdırmaqdadır
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də müasir düşüncəli gənc könüllülərin cəlb edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Könüllülərlə birgə iş birliyinin həyata keçirilməsi komitənin gənclər siyasəti sahəsində reallaşdırdığı tədbir və layihələrin, eləcə də əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsidir.
Komitə, qarşısında qoyduğu “Müasir düşüncə - gələcəyə addım” hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramını reallaşdırmaqdadır.
“Könüllü ol” layihəsi çərçivəsində artıq 1400-ə yaxın gənc tələbə və məzunlar komitədə təşkil olunan könüllü fəaliyyət proqramında iştirak etmək üçün müraciət etmişdir. Hər bir namizədlə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 430 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə cəlb olunmuşdur. Könülllü proqramında iştirak edən 144 nəfər isə komitənin müxtəlif qurumlarında işlə təmin edilib.
Respublikanın ali təhsil ocaqlarının tələbələri və məzunlarının da əmlak idarəçiliyi sahəsində könüllü fəaliyyətə cəlb edilməsi istiqamətində fəal iş aparılır. Bu məqsədlə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümumilikdə 1000 nəfərədək məzun, tələbə və magistrlərlə də görüşlər keçirilib.
Respublikanın regionlarında da komitənin “Könüllü ol” proqramında iştirak etmək istəyən gənclərlə də sıx ünsiyyət qurulur. Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Lənkəran, Cəlilabad, Biləsuvar, Astara, Şirvan, Beyləqan, İmişli, Füzuli, Salyan, Hacıqabul, Mingəçevir, Ağdam, Tərtər, Goranboy, Bərdə, Beyləqan, Yevlax, Zərdab, Qəbələ, Zaqatala, Balakən, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Qusar, Şabran şəhər və rayonlarında yaşayan 700-ə yaxın gənc üçün “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü proqramı” mövzusunda seminarlar keçirilib. Seminarlarda Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti, burada həyata keçirilən
könüllü fəaliyyət haqqında məlumat verilib, müxtəlif məzmunlu suallar cavablandırılıb. Bu görüşlərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün müraciətlər də qəbul edilib. Regionlarda belə görüşlərin davamlı keçirilməsi nəzərdə tutulub.
Konullülərlə birgə iş prinsipinin daha rahat və müasir formada qurulması məqsədi ilə 2017-ci ildən komitənin internet resursunda “Könüllü fəaliyyəti” adlı xüsusi bölmə də fəaliyyət göstərir. Komitədə könüllü olmaq istəyən gənclər “Könüllü ol” bölməsinə daxil olaraq müraciətlərini elektron formada da göndərə bilirlər. Könüllülər ilə 2-3 ay müddətinə könüllülük müqaviləsi bağlanılır və könüllü fəaliyyətə başlanılır. Fəaliyyət müddətləri ərzində könüllülər üçün fərdi inkişafa hesablanmış müxtəlif təlimlər, seminarlar təşkil edilir. Onlar komitədə təcrübə keçir və təlimlərə cəlb olunurlar. Fəaliyyətlərini bitirən könüllülərə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi sertifikatı verilir. Onu da qeyd etmək lazımdır ki, Komitə tərəfindən həyata keçirilən sosial layihələrdə və beynəlxalq tədbirlərdə də könüllülərin xidmətlərindən geniş istifadə edilir.
Əmlak Məsələləri Dövlət Komitəsi, habelə digər dövlət qurumlarında da fəaliyyət göstərən könüllülərin xidmətlərindən geniş şəkildə istifadə edir. Bununla da gələcəkdə onların işlə təmin olunması nəticəsində gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının yetişdirilməsinə öz töhvəsini vermiş olur.