DTX rəisi Əli Nağıyevin ilk rəsmi DOSYESİ




Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi təyin olunmasından iki aya yaxın vaxt ötür. Ekspertlər ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə DTX-nın sükanı arxasına keçən Əli Nağıyevin təyinatını son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndiriblər.

AFN xəbər verir ki, modern.az saytı DTX-dan general-leytenant Əli Nağıyevin tərcümeyi-halını əldə edib. Bu, Əli Nağıyevin indiyə kimi açıqlanan ilk rəsmi tərcümeyi-halıdır:

Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib.

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

Ölkə Prezidentinin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.

Dövlət başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.

Azərbaycan Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.

2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli 672 nömrəli sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Ölkə başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
27 iyun 2019-cu il tarixli 1300 nömrəli sərəncamla Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu