Elinanın direktoru həbs oluna bilər




Bu ilin aprelində 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı iş üzrə 162 nömrəli məktəbin keçmiş direktoru Sevinc Abbasova həbs oluna bilər.

AFN Yeni Sabah-a istinadən xəbər verir ki, Avqustun 7-də Səbail rayon məhkəməsində Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə dair keçmiş müddətin bərpası üçün müraciətə baxılıb.

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsi Mirzəli Abbasovun sədrliyi ilə qətimkan tədbirinin həbslə əvəz edilməsi məsələsinə baxacaq.

Aprelin 8-də 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyeva təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Zərərçəkmiş tərəf ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib. Bir ay əvvəl ev dustaqlığının müddəti uzadılıb. Amma bu qərar zərərçəkmiş tərəfin xəbəri olmadan qəbul edilib və şikayət müddətini keçirib. Bununla əlaqədar Bakı Apelyasiya Məhkəməsi apellyasiya müddətinin bərpası üçün işi birinci instansiya məhkəməsinə qaytarıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu