Rövşən Rzayev və müavini bölgələrdə vətəndaşları qəbul edib




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 26-da Lənkəran rayonunda vətəndaşları qəbul edib.

Komitədən AFN-ə verilən məlumata görə, qəbulda Astara və Lerikdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi və məşğulluq məsələləri ilə bağlı olub. Vətəndaşlara məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilir.

Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Həmçinin qeyd edək ki, iyulun 26-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Masallı, Yardımlı və Cəlilabad rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu