Baba Rzayevin qardaşı bu rayona icra başçısı təyin olunacaq - İDDİA
Yarım ildən artıqdır ki, başçısız qalan Xətai rayonu "Azərenerji” ASC-nin sədri Baba Rzayevin kurasiyasına verilir.
Bu barədə azeuronews.com-a daxil olan məlumatda bildirilir.
Mənbənin iddiasına görə, "Azərenerji” ASC-nin sədri Baba Rzayevin qardaşı Emin Rzayev Xətai rayon icra başçısı təyin edilmək üzrədir. Artıq Emin Rzayevin sənədlərinin prezidentin iş stolunun üstündə olduğu və yaxın günlərdə qərarın verilə biləcəyi ehtimal edilir.
Mənbə Emin Rzayevin Xətai icra başçısı təyin edilməsi qərarının verilə biləcəyini onunla əsaslandırır ki, bir neçə gün öncə Baba Rzayevin oğlu Fuad Rzayev və əmisinin icra başçısı təyin ediləcəyi ilə bağlı paytaxtın tanınmış bir restoranında yaxın dostlarına qonaqlıq verib. Həmin qonaqlıqda Fuad Rzayev bildirib ki, yaxın günlərdə Xətai rayonu onların nəzarətinə veriləcək. Mənbə qeyd edir ki, "Azərenerji” ASC sədrinin oğlu əmisi Emin Rzayevin sənədlərinin prezidentin iş stolunun üstündə olduğunu və hər an sərəncamın verilə biləcəyini sevincək şəkildə dostları ilə bölüşüb.
Mənbə həmçinin qeyd edir ki, artıq Emin Rzayev rəhbərlik etdiyi "Santral Elektrik” LTD şirkətini qardaşı Baba Rzayevin qaynı İlham Həsənova təhvil verib. Bildirək ki, "Santral Elektrik” LTD şirkətinə rəhbərlik etmiş Emin Rzayev qardaşı Baba Rzayevin sayəsində həm milyonçuya çevrilib, həm də böyük biznes imperiyasının əsas idarəedicisi olub. Məlumat üçün qeyd etmək istəyirik ki, paytaxtın Dərnəgül şossesində yerləşən "Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 100 faizi Baba Rzayevin ailəsinə məxsusdur. "Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. Məhz Baba Rzayevin sayəsində "Santral Elektrik” illərdi milyonluq layihələr qazanıb.
Məlumatlara görə, "Legrand” (Fransa), "Pirelly” "GEWISS”, "KEMMR.I” (Finlandiya), "Vortice” (İtaliya), "Stanley” (ABŞ), Philips, Osram "Dewallt”, "Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da "Santral Elektrik”dir.