Bakıda “dönər zəhərlənməsi” ilə bağlı cinayət işi başlandı
Bakı Şəhər Prokurorluğu paytaxtda dönərdən zəhərlənmə ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumatda deyilir ki, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Müvafiq tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanında yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, zəhərlənənlərin hamısı orta yaşlı kişilərdir.