BMT baş katibinin müavini “ASAN xidmət”də olub
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin 24-26 iyun 2019-cu il tarixində ölkəmizdə təşkil olunacaq BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak məqsədilə ölkəmizdə rəsmi səfərdədir.
23 iyun 2019-cu il tarixində qonaq “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və yeniliklər barədə ətraflı məlumat verib.
Bildirilib ki, bu günədək 30 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Qonaq ASAN könüllüləri, ASAN Radio və “ASAN Təlim-Tədris Mərkəzi”nin fəaliyyəti ilə də tanış olub.
Həmçinin Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyətinə dair təqdimat edilib.
BMT Baş Katibinin müavini Liu Zenmin Azərbaycan Respublikası və BMT arasında uğurlu əməkdaşlığı və Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirakı ilə nəzərdə tutulan builki Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiridir.