Daşınmaz əmlakın inventarlaşdırılması: xidmət elektron formada da göstərilir
Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırılma işləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Daşınmaz əmlakın texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir.
Komitədən AFN-ə verilən məlumata görə, texniki inventarlaşdırma işləri hüquqi və fiziki şəxslərin, bələdiyyələrin, dövlət müəssisə və təşkilatlarının müraciəti əsasında Əmlak Xidmətləri Məkanında və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır. Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən inventarlaşdırma xidməti elektron formada da göstərilir. Bu xidmətdən onlayn istifadə etmək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına (e-emdk.gov.az) daxil olaraq 3-cü bölmədəki xidməti seçə bilər.
Qeyd edək ki, daşınmaz əmlakın inventarlaşdırılması xidmətindən istifadə etmək istəyən şəxslər ərizə ilə xidmət ünvanlarına yaxınlaşa bilər. Ərizə ilə yanaşı, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd, daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər, dövlət rüsumu və xidmət haqqının ödənilməsi barədə sənəd, hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə də xidmət istifadəsi üçün tələb olunur.
İnventarlaşdırılma işləri 15 iş günü ərzində aparılır, dövlət rüsumu 50 manatdır. İstifadəçilər texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsünün alınması ilə bağlı dövlət rüsumu və xidmət haqqını onlayn rejimdə öyrənə bilər. Bunun üçün Əmlakın qeydiyyatı kalkulyatoruna (e-emdk.gov.az, 13-cü bölmə) daxil olaraq daşınmaz əmlaka dair məlumatları qeyd etmək kifayətdir.
Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən arxivdə yoxlama, çöl-ölçmə işi, mərzçəkmə, kameral nəzarət həyata keçirilir. Nəticədə isə daşınmaz əmlaka dair hazırlanmış texniki sənədlər (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.