MKR-də “qara siyahı” silinə bilər - ŞƏRH
Son zamalar vətəndaşlarımızın Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan borc tarixçələrinin, yəni “qara siyahı”dan adlarının silinməsi ilə bağlı ictimaiyyət arasında fikirlər səslənir. Belə ki, bir çox hallarda vətəndaşlar “qara siyahı”da adları olduqları üçün kredit təşkilatlarından kredit götürməkdə ciddi çətinliklər yaşayırlar. Buna görə də dövlət başçısının bu yaxınlarda verdiyi problemli kreditlərlə bağlı məlum Fərmanından sonra mənfi borc tarixçələrinə malik vətəndaşlarımızda adlarının həmin “qara siyahı”dan çıxarılması barədə gözləntilər yaranmaqdadır. Bəs bu cür mənfi borc tarixçələrinin MKR-dən silinməsi mümkündürmü?
Bununla bağlı bildirmək istərdim ki, MKR sisteminin yaradılma səbəbi elə məhz kredit təşkilatlarından borc götürən şəxslərin həmin borcunu necə ödəməsini və ödədiyini izləməkdən ibarətdir. Yəni burada kredit götürmək üçün müraciət edən şəxsin götürdüyü kreditinin ödənilməsində göstərdiyi intizamı görmək və onun ödəniş qabiliyyətini qiymətləndirmək kredit təşkilatı üçün son dərəcə önəmlidir. Ona görə kredit tarixçələrinin silinməsi kredit təşkilatlarının yuxarıda göstərilən halları qiymətləndirmək və ümumiyyətlə ölkədə maliyyə sabitliyinin təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir və bu cür kredit tarixçələrinin silinməsi MKR sisteminin mahiyyətinə ziddir.
Lakin hesab edirəm ki, cənab Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına görə, xarici valyutada kredit götürmüş və buna görə kompensasiya almış şəxslərin Fərmanda göstərilən dövr ərzində götürdükləri kreditlərlə bağlı olan kredit tarixçələrinin MKR-dən silinməsi ədalətli olardı. Belə ki, Fərmanın giriş hissəsində bildirilir ki, maliyyə və iqtisadi böhran fiziki şəxslərin ödəmə qabiliyyətini zəiflətmişdir. Dövlət də bu halı nəzərə almış və sosialyönümlü xətt yürüdərək bu cür şəxslərə kompensasiya ödəməyə qərar vermişdir. Düzdür, Konstitusiya Məhkəməsi Fərmandan əvvəl verdiyi qərarla devalvasiya faktını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qəbul etməsə də, bu Fərmanla dolayı və fakti olaraq bu hal şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirmiş və bu cür şəxslərə kompensasiya verilmişdir. Yəni burada devalvasiya nəticəsində ödənişləri gecikməyə düşmüş şəxslər öz iradələrindən asılı olmadan bu cür mənfi kredit tarixçələrininn yaranmasına səbəb olmuşlar. Kompensasiya bir qayda olaraq hansısa haldan və ya hərəkətdən zərərçəkən şəxslərə ödənilir. Hesab edirəm ki, dövlət bu halı nəzərə alaraq onlara kompensasiya ödənilməsinə qərər vermişdirsə, o zaman bu Fərmanla kompensasiya ödənilmiş kreditlər üzrə tarixçələri konkret vəziyyətə görə ya tamamilə silməli, ya da gecikmə günlərində müvafiq azaldılmalara gedərək MKR-də yenidən işlənməlidir. Digər tərəfdən, kredit təşkilatları da bu cür müraciət edən şəxslərin həmin dövrdə olan gecikmələrini nəzərə ala bilər. Lakin bildirmək istərdim ki, kredit tarixçəsinin mənfi olması faktı kredit təşkilatının kredit verməsi üçün qanuni olaraq qadağa yaratmır. Amma praktiki olaraq kredit təşkilatları kredit üçün müraciət edən şəxslərin kredit tarixçələrinə görə qərar verilirlər və bu da anlaşılandır. Bu baxımdan Fərmanla kompensasiya ödənilən şəxslərin kompensasiya aldıqları kreditləri üçün tarixçələrinin MKR-də yenidən işlənməsi məqsədəmüvafiq və ədalətli olardı.
Pərviz Hüseynov
Vəkillər Kollegiyasının üzvü