“Azərsu” Bakı və ətraf qəsəbələrdə içməli su təchizatını yaxşılaşdırır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində yeni layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində Masazır qəsəbəsinin Sarı Aşıq küçəsində və ətraf ərazilərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Bu ərazilərin böyük hissəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və istismar tələblərinə cavab verməyən şəbəkə hesabına aparılıb. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradıması layihəsinin icrasına başlanılıb.
Layihə çərçivəsində Masazır qəsəbəsi Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 5 minədək sakin faydalanacaq. Su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə yeni inşa edilən şəbəkə 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bu da qəsəbənin relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı içməli su ilə təmin etməyə imkan yaradacaq.
Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.