Fuad Abbasovun həbsində “Orxan ssenarisi” - Ekspert
Fuad Abbasovun fəaliyyətində bəyənmədiyim hallar olub, amma ortada belə bir fakt var ki, o, Rusiyada azərbaycanlı adına böyük işlər görüb, Qarabağ məsələsini qabardıb.
Bu sözləri Axar.az-a açıqlamasında diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili azərbaycanlı jurnalist, bloger Fuad Abbasovun Rusiyada həbs edilməsinə münasibət bildirərkən deyib. O, həmyerlimizin bu formada həbs edilməsinin qəbuledilməz olduğunu söyləyib:
“Bu günə kimi Fuad Abbasovu məndən çox tənqid edən olmayıb. Bu gün onun qanunsuz şəkildə, insanlığa sığmayan formada həbs olunması hər bir azərbaycanlı kimi mənim də qəlbimi ağrıdır. Düşünürəm ki, Fuad Abbasova qarşı bu ədalətsiz mövqe, həbs ssenarisi çox üzücüdür. Çünki bir jurnalistin, Azərbaycan vətəndaşının o şəkildə həbs olunması qəbuledilməzdir.
Buradan Rusiyadakı səfirliyimizə, hörmətli səfirimiz Polad Bülbüloğluna, Azərbaycan Ombudsman Aparatına müraciət edirəm: Fuad Abbasovun hüquqları yüksək səviyyədə qorunmalıdır. Çünki bütün səhvlərinə rəğmən, Abbasov müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Bütün dünya, xüsusən Rusiyadakılar görməlidirlər ki, heç bir şəxs Azəbaycan vətəndaşı ilə güc tətbiq edərək danışa bilməz.
Azərbaycan kütləvi informasiya vasitələrinə və QHT-lərə müraciət edirəm ki, bu məsələdə maksimum dərəcədə ehtiyatlı olsunlar. Çünki burada üçüncü tərəfin (ermənilər) əlinin olması istisna deyil. Bu hadisədə erməni lobbisinin və ya ermənilərə satılmış Ağadadaş Kərimov, Mehriban Sadıqova kimi “həmvətənlərimiz”in də barmağı ola bilər. Ona görə də çalışmalıyıq ki, bu məsələ Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmamaq şərtilə həllini tapsın. Rusiya-Azərbaycan əlaqələri demək olar ki, yüksəliş dövrünü yaşayır. İstər dövlət səviyyəsində, istərsə də ictimai sferada Rusiya-Azərbaycan arasında möhkəm dostluq və qonşuluq siyasəti var. Erməni lobbisi Rusiya-Azərbaycan əlaqələrinin inkişafında maraqlı deyil. Ona görə də Rusiya xüsusi xidmət orqanlarında, hüquq-mühafizə orqanlarında çalışan ermənilər problem yaratmağa çalışırlar”.
T.Allahverdilinin sözlərinə görə, F.Abbasovun həbs edilməsi bir neçə il əvvəl həmyerlimiz Orxan Zeynalovun başına gələn hadisəni xatırladır:
“5-6 il əvvəl O.Zeynalovu da elə həbs etdilər ki, sanki böyük terror təşkilatının rəhbəridir. İndi də eyni formada F.Abbasovu həbs etməklə şou yaradırlar. Bu hadisənin niyə bu səviyyəyə çatdığı ictimaiyyətə açıqlanmalıdır.
Mediada yazılır ki, jurnalistimiz mayın 28-də Respublika günündə Azərbaycana deportasiya ediləcək. Bunun hansı anlamı var, niyə o adam 1 həftə, 10 gün həbsxanada saxlanılmalıdır? Açıq-aşkar görünür ki, bu təxribat xarakterli hadisədir”.
Qeyd edək ki, Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.