Masallıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
Masallı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.
AFN xəbər verir ki, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova gənclərin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan A.Qafarova vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.
Dini-ideoloji təhlükəsizliyin təminatına yönəlmiş təhdidlər ətrafında təqdimatla çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Sədr müavini vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. G. İsmayılov onu da bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ölkə başçısının Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.
Dini radikalizm və ekstremizmin törətdiyi fəsadlardan da danışan Dövlət Komitəsinin sədr müavini dini radikalizmə zəmin yaradan dini savadsızlıq, fanatizm, cahillik kimi problemlərin düzgün izahı üçün nümunələr təqdim edib. G.İsmayılov eyni zamanda, onu da vurğulayıb ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.
Daha sonra Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək, dini maarifləndirmənin gənc nəslin tərbiyəsində və yetişdirilməsində böyük önəm daşıdığından bəhs edib. O, ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin dərinləşdirilməsi yönümündə şagirdlərin bu sahə üzrə məlumatları daha etibarlı mənbələrdən almalarının vacibliyini gündəmə gətirib.
Sonra DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.