Ermənistanda azərbaycanlı əsirin vəziyyəti pisləşdi: əməliyyat olundu
Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində əsir götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimovun səhhətində problem yaranıb.
Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmyerlimiz aprelin 24-də Erebuni Tibb Mərkəzində mədəsindən əməliyyat olunub. Əməliyyat nəticəsində onun mədəsindən yad cisim çıxarılıb. Hazırda İbrahimovun vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Ermənistanın Ədliyyə Nazirliyindən bildirilib ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də məlumatlandırılıb.
Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə əsir düşən E.İbrahimovun ruhi xəstə olması haqqında məlumat yayıb.