III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başa çatdı




Aprelin 17-də əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər aprel şəhidlərinin xatirəsinə həsr olunmuş, 21 yaşınadək gənclər arasında III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışın əsas məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunun təşkilatçılığı ilə keçirilən klublararası turnirdə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Qazaxıstanı təmsil edən 13 klub komandası mübarizə aparıb. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edib.

Turnirin açılış mərasimində dövlət və hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, veteran hərbçilər, şəhid ailələrinin üzvləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçı komandaların paradı ilə başlanan mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Raquf Orucovun oğlu Aqşin Oruclu yarış iştirakçılarını salamlayaraq turnirin təşkilatçılarına minnətdarlığını bildirib. O, artıq ənənəvi xarakter alan turnirə ictimaiyyət tərəfindən böyük maraq olduğunu qeyd edib: “Üç ildir ki, yarışa dəvət alan xarici idmançılar Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycan qəhrəmanlarını tanıyırlar. Onların sayı hər il artır. Bu əfsanəvi komandir və onun şəhid silahdaşlarını gənclərə tanıtdırmağın ən gözəl yollarından biridir”.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxışında qeyd edib ki, Aprel döyüşləri Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, xalqımızın birliyinin nümayişi idi. O deyib: “Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin və mübarizliyinin sübutudur. Ordumuzun əsgər və zabitləri Aprel döyüşlərində böyük hünər və rəşadət göstərərək öz qəhrəmanlıqları ilə tarix yazdılar. Qəhrəmanlar daim bizim qəlbimizdə yaşayacaqlar. Bu gün gənclər arasında təşkil olunan cüdo turniri də bunun bariz nümunəsidir. Bu yarış gənclərdə hərbi-vətənpərvərlik hissinin və döyüş ruhunun aşılanması baxımından çox vacibdir”.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı hərbi-vətənpərvərlik hisslərinin, idmanın və sağlam həyat tərzinin gənclər arasında təbliğində belə turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib: “Aprel döyüşləri

Azərbaycan xalqının həmrəyliyini göstərdi. Bu döyüşlərdə siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini nümayiş etdirdi. Raquf Orucov və onun kimi vətən yolunda şəhid olmuş digər qəhrəmanlarımız heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. İnanıram ki, Azərbaycan cüdosunun inkişafında atılan növbəti addımlardan biri kimi, bu turnir təşkilatı baxımından yüksək səviyyədə keçəcək”.

Bədii hissədə vətənpərvərlik mövzusunda maraqlı kompozisiya təqdim olunub, əməkdar artist Fərqanə Qasımova “Azərbaycan” mahnısını ifa edib.

Açılış mərasimində iştirak edən Suraxanı rayonundakı 270 nömrəli orta məktəbin Raquf Orucovun adını daşıyan iki sinfinin hərbi geyimli şagirdlərinin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı alqışlarla qarşılanıb.

Sonra turnirin final mərhələsinə start verilib.

Əvvəlcə bürünc mükafatlar uğrunda görüşlər keçirilib. Üçüncü yer uğruda “Judo Club 2012”nin ikinci komandası, Qroznının “Edelveys”, Mahaçqalanın Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi (UGOEM) və Dərbəndin “Dinamo” komandaları mübarizə aparıblar. Bürünc medalları UGOEM və “Dinamo” komandaları qazanıblar.

Finalında isə “Judo Club 2012”nin əsas komandası və Gürcüstanın “Şevardeni” klubunun cüdoçuları qalib adı uğrunda yarışıblar. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Gürcüstan komandası III “Raquf Orucov Kuboku” turnirinin qalibi olub. “Judo Club 2012”nin əsas komandası isə ardıcıl üçüncü dəfə ənənəvi turnirin gümüş medalına layiq görülüb.

Qaliblərə mükafatları Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov, Federasiyanın baş katibi Elmar Babanlı, “Azman-Holdinq”in icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” idman klubunun icraçı direktoru, Azərbaycanın Əməkdar məşqçisi Hafis Hacıyev, şəhid Raquf Orucovun oğlu Aqşin Oruclu təqdim ediblər.

Xatırladaq ki, 2017-ci ildə ilk dəfə keçirilən “Raquf Orucov Kuboku” turnirinin finalında da Gürcüstan cudoçuları həlledici qarşılaşmada “Judo Club 2012” komandasına qalib gələrək yarışın ilk qalibi olmuşdular.

Turnirdə iştirak edən xarici klubların nümayəndələri yarışların yüksək səviyyədə təşkilindən razılıqlarını bildiriblər. Qazaxıstanın «Jas-Batır» klubunun baş məşqçisi Sergey Volobuyev deyib: «Azərbaycanda bir neçə dəfə beynəlxalq yarışlarda olmuşuq. Lakin «Judo Club 2012»nin təşəbbüsü ilə keçirilən bu turnirdə ilk dəfədir ki, iştirak edirik. Mənə Raquf Orucovun qəhrəmanlığı barəsində məlumat verilib. Raquf Orucov Azərbaycan torpağının azadlığı uğrunda qəhrəmancasına öz canından keçib. Yarış təşkilatçılarına minnətdarlığımı bildirirəm ki, belə bir qəhrəmanın xatirəsinə turnir keçirərək onu bizə daha yaxından tanıdırlar. Bu, gənclər üçün xüsusilə böyük önəm daşıyır. Yarışda iştirak edən gənc idmançılar onun haqqında məlumatlı olacaq ki, bu da onlarda əsl qəhrəmanlığın, mübarizliyin və qorxmazlığın necə olması barədə təəssürat yaradacaq”.

Turnirdə ədaləti qoruyan qazaxıstanlı hakim Arkat Telmanov isə deyib: «İlk dəfədir ki, bu yarışda iştirak edirəm. Belə bir qəhrəmanın xatirəsinə həsr olunan yarışda hakimlik etmək, ədaləti qorumaq mənim üçün böyük şərəfdir. Turnirin təşkilatçılığı, həqiqətən də, yüksək səviyyədədir. Burada çox mehribanlıqla qarşılandıq. Bizə belə bir diqqət və qayğı göstərdiyinə görə «Judo Club 2012» rəhbərliyinə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib klubun zallarını gəzdim, buradakı avadanlıqlarla tanış oldum. Düzünü desəm, burada gördüyüm mənzərə məni valeh etdi. Belə müasir üslubda tikilmiş və yüksək şəraitə malik olan klub nadir hallardadır. İdmançılarınız belə bir zalda məşq etdikləri üçün çox şanslıdırlar».

Turnirdə iştirak edən Rusiya və Gürcüstan klublarının rəhbərləri də yarışların yüksək səviyyədə keçirilməsinə, Bakının qonaqpərvərliyini yaxından görmək üçün komanda üzvlərinə hərtərəfli şərait yaradılmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu