Kəlbəcərin işğalından 26 il ötür
Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 26 il ötür.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Kəlbəcər rayonunun sakinləri Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır.
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.