93 dəfə əməliyyat olunan gəncdən Mehriban Əliyevaya müraciət: "Məni yalnız siz xilas edə bilərsiniz"




Dünyada nadir xəstəliklərdən birinə tutulan Cavid Səfiyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyir.



AFN xəbər verir ki,yeniyetmə oğlan bununla bağlı Mehriban xanıma müraciət ünvanlayıb:

"Çox hörmətli Mehriban xanım! Mən - Səfiyev Cavid Kamal oğlu "Qırtlağın, traxeyanın və bronxların residivləşən popillomotozu'' xəstəliyindən əziyyət çəkirəm. Kasıb ailənin övladıyam. Atamı gənc yaşlarında itirmişəm. Hər 6 aydan bir əməliyyat olunmalıyam ki, bu da təqribən 3000 dollara başa gəlir. Maddi cəhətdən imkansız ailəyik, müalicəmin davam etdirilməsinə imkanımız olmadığı üçün yardıma ehtiyacımız var.

Qeyd edim ki, mən 1991-ci il aprelin 19-da Bakıda doğulmuşam. 500 balla Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Bir yaşından "Qırtlağın residivləşən popillomotozu" xəstəliyindən əziyyət çəkirəm. Həkimlərin yoxlaması əsasında məlum olub ki, bu xəstəliyin dünya təcrübəsində tam müalicəsi yoxdur. Hələ uşaq ikən qırtlaqdan popillomotozların xaric edilməsi əməliyyatlarım A.F.Qarayev adına 2 saylı xəstəxanada həyata keçirilib. Yaranmış popillomun cərrahi yolla kəsilib götürülməsi isə hər 5-7 aydan bir həyata keçirilməlidir. Hər əməliyyatım çox pul aparsa da ( 2500-3000 dollar), gələcəyə ümidlə baxan valideynim dəfələrlə qohum və tanışlardan borc alaraq, mənim həyatda qalmağım üçün əlindən gələni edir”.

Cavid deyir ki, atasını uşaq vaxtı itirdiyi üçün evin və onun müalicəsinin bütün yükü tək qadın olan anasının üzərinə düşüb: "Son illərdə Türkiyənin bir çox özəl və dövlət xəstəxanalarında müayinə və cərahhi müalicə olunmuşam. Xəstəliyin bir az da irəliləməsi nəticəsində (''Popillomların traxeyaya, bronxlara yayılması və sol ana bronxda da əmələ gəlməsi'') Azərbaycanda cərrahi yolla müalicəsi mümkün olmadı və həkimlər burada məni əməliyyat etməkdən imtina etdilər. Buna görə də Səhiyyə Nazirliyinin" Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə dövlət komissiyasının 17 may 2011-ci il tarixli iclasının 5 saylı protokolu əsasında mənim xarici ölkəyə göndərilməyim qərara alınıb”.



Mehriban Əliyevadan yardım istəyən gənc deyir ki, bugünə qədər ümumilikdə 93 əməliyyat keçirib: "Xəstəliyin yaratdığı fəsadlar nəticəsində ağır dərəcəli tənəffüs catışmazlığı var, 2-ci qrup əliləm. Əlavə olaraq, bronxektaziya xəstəliyindən əziyyət çəkirəm, səs tellərim korlanıb və səsim zəif çıxır. İşləmək istəsəm də, normal gəliri olan bir iş tapa bilmirəm. Mənim Türkiyədə həyata keçirilən əməliyyatıma daimi köməklik lazımdır. Bir neçə dəfə müxtəlif yerlərə müraciət etsəm də, məni Səhiyyə Nazirliyinə yönləndirirlər, amma bunun bir nəticəsi olmur. Əgər mənə bu köməklik göstərilərsə, mən dövlətimiz, xalqımız üçün çox faydalı işlər görmək istəyirəm. Uşaqlıqdan bu xəstəlikdən əziyyət çəkməmə baxmayaraq, bir an belə olsa, mən bu həyata və gələcəyə olan inamımı itirməmişəm, bunun üçün də göydə Allah, yerdə sizlərdən köməklik gözləyirəm. Uşaq yaşlarımdan bu qədər əzab əziyyətə məruz qalmağına baxmayaraq, mənim həyat eşqim sönməyib. Həyatımı davam etdirmək üçün müntəzəm əməliyyatlar keçirməliyəm. Bu əməliyyatları həyata keçirmək üçün daimi maddi yardıma ehtiyacım var. Böyük ümidlə sizdən kömək gözləyirəm...”.

Əlaqə nömrəsi: +994 50 4020642



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu