“Məhkəmələrdə problemli kreditlərlə bağlı 90 minə qədər iş var” - Əkrəm Həsənov
Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı müddəa da yer alır.
Belə ki, sənəddə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.
Hər zaman problemli kreditlərlə bağlı məsələlərin müzakirəsində aktiv iştirak edən, “Antikollektor” MMC-nin təsisçisi, hüquqşünas Əkrəm Həsənov Modern.az-a deyib ki, Fərmanda məhkəmə işlərinin geri çağırılması tövsiyə olunub: “Yəni banklar buna əməl etməyə borclu deyil. Amma böyük ehtimalla Prezidentin tapşırığı olduğu üçün əməl edəcəklər. İndiyədək məhkəmələrdə ümumən problemli kreditlərlə bağlı 90 minə qədər iş var. Amma bunların hamısı vətəndaşlarla bağlı deyil. Burada hüquqi şəxslərin, sahibkarların, şirkətlərin böyük məbləğdə borcları geri ödəməməsi də yer alır”.
Hüquqşünasın sözlərinə görə, ümumilikdə borcu olan şəxsin həbs edilməsinin qanunsuzdur: “Bunu edənlər qanunu pozublar. Hazırda Avropa İnsan Haqları Məhkəməsi də bu qanunsuz həbs məsələlərinə baxır. Ümumən həbsdə olan vətəndaşların borcu 10 min manatdan da çoxdur və üzrsüz səbəbə görə, məsələn pulu var, borcunu ödəmirsə, o elə həbsdə qalmalıdır.
Problemli kredit borcunu ödəyə bilməyən vətəndaş isə qanunsuz həbsdən şikayət etməlidir, ta Avropa Məhkəməsinə kimi. Mən əminəm ki, Avropa Məhkəməsi bu həbslərin qanunsuz olduğunu təsdiqləyəcək”.