Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin nəticələri və görüləcək tədbirlər müzakirə edilib




Energetika Nazirliyində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2018-2019-cu illərdə icrası nəzərdə tutulmuş tədbirlər üzrə monitorinq və qiymətləndirmə sualları ilə bağlı müzakirələrin aparılması məqsədilə işçi qrupunun iclası keçirilib. İşçi qrupunun sədri, nazir müavini Samir Vəliyev bildirib ki, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artımı onu göstərir ki, Strateji Yol Xəritəsinin icrası öz müsbət nəticələrini verir. Strateji yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursların mobilizasiya edilməsi ölkədə strateji idarəetmənin güclənməsinin göstəricisidir.



İclasda Energetika Nazirliyi tərəfindən müvafiq təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmiş kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi üzrə 2018-ci il ərzində görülmüş işlərə dair hesabatın əsas müddəaları və 2019-cu ildə qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Bildirilib ki, həyata keçiriləcək tədbirlər nəticəsində Respublikada kommunal xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi istehlakçı məmnunluğunun təmin olunmasına, eyni zamanda isehlakçı məsuliyyətinin artırılmasına müsbət təsir edəcək. Eyni zamanda ölkənin enerji və ekoloji təhlükəsizliyinin təminatı ilə bağlı mühüm irəliləyişlər əldə olunacaq, milli istehsal portfeli şaxələndiriləcək, ixrac potensialı artacaq və yeni iş yerləri yaradılacaq ki, bu da kommunal xidmət sektorunun gücləndirilməsinə imkan verəcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu