Dövlət Komitəsinin sədri Kanada səfirliyinin ikinci katibi ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yanvarın 25-də Kanadanın iqamətgahı Ankarada yerləşməklə Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Antoniya Uin-Haqs ilə görüşüb.
Azərbaycan və Kanada arasında ikitərəfli əlaqələrin inkişaf dinamikasını məmnuniyyətlə qeyd edən Dövlət Komitəsinin sədri qonağa DQİDK-nın fəaliyyət istiqamətləri, ölkəmizdəki dövlət-din münasibətlərinin tənzimlənməsi, dini dözümlülük mühiti barədə məlumat verib. Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasətə diqqət çəkib. O, tolerantlığın, dinlərarası dialoqun həyata keçirilməsinə böyük əhəmiyyət verilən Azərbaycanda dövlətin dinə qayğısından söz açıb. Ölkəmizdə 32-si qeyri-islam olmaqla 909 dini qurumun qeydiyyatdan keçdiyini, dini icmalara dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığını vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Komitə sədri işğal altındakı torpaqlarımızda maddi-mənəvi irsimizin məhv edildiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Antoniya Uin-Haqs ölkəmizin tolerantlıq ənənələrinin təbliğ və təşviqinə görə müsbət mənada fərqləndiyini vurğulayıb. Diplomat Azərbaycanın dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və dini abidələrimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.