Meta uşaq təhlükəsizliyi işi üzrə rekord cərimələndi: 567 milyon dollar ödəyəcək
ABŞ-ın Nyu-Meksiko ştatında hakim Meta şirkətini sosial media platformalarının uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimaiyyəti xəbərdar etmədiyi qənaətinə gələrək 567 milyon dollar cərimələyib.
AFN.az xəbər verir ki, bu qərar uşaq təhlükəsizliyi ilə bağlı bir sosial media şirkətinə indiyədək verilən ən böyük maliyyə cəzası hesab olunur.
Hakim Bryan Biedscheid sosial media nəhəngini hava çirkliliyi ilə müqayisə edərək onu ictimai narahatlıq mənbəyi adlandırıb və vəsaitin gələcəkdə yaranacaq zərərlərin azaldılmasına yönəlmiş xüsusi fonda köçürülməsinə qərar verib.
Bu qərar Meta-nın eyni iş üzrə daha əvvəl ödəməsinə qərar verilmiş 375 milyon dollarlıq cəriməyə əlavə olunub və şirkətin ümumi ödəyəcəyi məbləğ 942 milyon dollara yüksəlib.
Hakim Meta-nı fabrikə bənzədərək reklam və platformadakı məzmunu onun məhsulu, uşaqların psixoloji zərər görməsi və cinsi istismara məruz qalmasını isə azaldılması vacib olan çirklənmə kimi qiymətləndirib.
Instagram, Facebook, WhatsApp və Threads platformalarının sahibi olan Meta-nın sözçüsü qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib.
Şirkət sözçüsü qeyd edib ki, istifadəçilərin platformalarda təhlükəsizliyini təmin etmək, zərərli məzmunu və pis niyyətli şəxsləri aşkar edib aradan qaldırmaq istiqamətində fəaliyyətlərini davam etdirəcəklər. O əlavə edib ki, Meta gənclərin onlayn mühitdə qorunması sahəsində gördüyü işlərə güvənir və həqiqətləri təhrif edən iddialara qarşı hüquqi mübarizəsini davam etdirəcək.
Meta daha əvvəl də eyni iş üzrə verilmiş 375 milyon dollarlıq qərardan apellyasiya şikayəti verəcəyini açıqlamışdı. Bu qərar ABŞ-da bir ştatın uşaq təhlükəsizliyi məsələsinə görə Meta-ya qarşı açdığı işi uğurla nəticələndirdiyi ilk presedent kimi qiymətləndirilir.
Hazırda Meta ABŞ üzrə oxşar məzmunlu minlərlə məhkəmə işi ilə üz-üzədir. Nyu-Meksikodakı qərarlardan əlavə, şirkət ilin əvvəlində Los-Ancelesdə oxşar iddiaların yer aldığı başqa bir məhkəmə prosesində də məğlub olub.
Nyu-Meksiko işi 2023-cü ildə ştat prokurorları tərəfindən açılmış iddiaya əsaslanır. İddiada Meta platformalarının uşaqları təhlükəli vəziyyətlərə salacaq, onları cinsi xarakterli materiallara və cinsi istismar məqsədli şəxslərlə təmasa məruz qoyacaq şəkildə hazırlanmasına görə şirkətin məsuliyyət daşıdığı bildirilirdi.
Məhkəmənin ilk mərhələsində Meta-nın tövsiyə alqoritmlərinin yeniyetmə istifadəçiləri zərərli məzmun və şəxslərə yönləndirməklə Nyu-Meksikonun Ədalətsiz Kommersiya Təcrübələri Qanununu dəfələrlə pozduğu müəyyən edilib.
Tövsiyə alqoritmləri Meta-nın istifadəçilərə göstəriləcək məzmunu avtomatik şəkildə seçmək və sıralamaq üçün istifadə etdiyi sistemlərdir.
İşin ikinci mərhələsi üzrə qərarda hakim Bryan Biedscheid Meta-nın səbəb olduğu zərərlərin artıq ictimai narahatlıq səviyyəsinə çatdığını, yəni cəmiyyətin sağlamlığı və təhlükəsizliyinə geniş təsir göstərən problemə çevrildiyini bildirib.
Qərar Meta-nın uşaq təhlükəsizliyi ilə bağlı aldığı ən böyük maliyyə cəzası olmaqla yanaşı, ilk dəfə bir sosial media şirkətinin məhkəmə tərəfindən ictimai narahatlıq mənbəyi kimi qiymətləndirilməsi ilə də tarixə düşüb.
Hakim bildirib ki, fabrikin yaratdığı çirklənmə insanların təmiz hava hüququna necə zərər vurursa, Meta platformalarının uşaqlar üzərindəki mənfi təsirləri də internetlə məhdudlaşmayaraq real həyata yayılır. Bu vəziyyət uşaqlar, onların ailələri, məktəblər, xəstəxanalar və hüquq-mühafizə orqanları üçün ciddi ictimai yük yaradır.
Hakim, Meta-nın yaratmalı olduğu fondun bu genişmiqyaslı zərərlərin aradan qaldırılması istiqamətində istifadə olunacağını bildirib.
Qərara əsasən, vəsaitin 420 milyon dolları Meta platformalarının artıq səbəb olduğu zərərlərin müalicəsi məqsədilə müvafiq klinikaların, davranış sağlamlığı proqramlarının və mütəxəssislərin maliyyələşdirilməsinə yönəldiləcək.
Vəsaitin digər hissəsi müəllimlər, tibb işçiləri və digər aidiyyəti şəxslər üçün uşaqların sosial medianın zərərlərindən qorunmasına dair maarifləndirmə və profilaktik tədbirlərə sərf olunacaq.
Hakim həmçinin Meta-ya əlavə təhlükəsizlik tədbirləri tətbiq etməyi tapşırıb. Bunlara 18 yaşdan kiçik istifadəçi hesablarının heç bir yetkin şəxsə tövsiyə edilməməsi, yetkin istifadəçilərin azyaşlılara mesaj göndərə bilməməsi, azyaşlıların çılpaqlıq ehtiva edən məzmun göndərməsi və qəbul etməsinin qadağan olunması, həmçinin uşaqların cinsi istismarında iştirak edən yetkin istifadəçilərin ilk pozuntuda hesablarının bağlanması daxildir.
Bundan əlavə, Meta-dan 18 yaşdan kiçik istifadəçilər üçün bəyənmə saylarının gizlədilməsi, həftə sonları istisna olmaqla hər gün saat 22:00-07:00, tədris dövründə isə 08:00-15:00 aralığında bildirişlərin deaktiv edilməsi, eləcə də Instagram və Facebook platformalarında bu istifadəçilər üçün aylıq ümumilikdə 90 saat və ya gündə təxminən 3 saatlıq istifadə limitinin tətbiq edilməsi tələb olunub.
Gələn həftə Kaliforniyada Meta-ya qarşı daha bir böyük məhkəmə prosesi başlayacaq. ABŞ-ın təxminən üç onlarla ştatının baş prokurorları uşaqların məxfilik hüquqlarının pozulduğunu əsas gətirərək şirkətə qarşı yeni iddia qaldıracaqlar.
