Rusiya: Ukrayna böhranının siyasi və diplomatik yollarla həlli mümkündür



Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranının siyasi və diplomatik üsullarla həllinin mümkün olduğunu bildirərək, "Danışıqlar masası arxasında ağıllı insanların əyləşməsi və məntiqli təkliflər irəli sürməsi halında danışıqlara hazırıq" deyib.

AFN.az xəbər verir ki, Lavrov paytaxt Moskvada təşkil edilən 12-ci Primakov Qiraətləri Beynəlxalq Elmi və Ekspert Forumunda iştirak edib.

Forumda çıxış edən Lavrov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə Alyaskanın Ankoric şəhərində bir araya gəldiyini xatırladıb.

Bu sammitdə Ukrayna böhranının həllinə dair əldə olunmuş razılaşmalara sadiq qaldıqlarını qeyd edən Lavrov sözlərinə belə davam edib:

"Rusiya və Amerika liderləri ötən ilin avqust ayında Ukrayna böhranından siyasi çıxış yolları barədə müəyyən razılaşmalar əldə ediblər. Biz bunlara sadiqik. ABŞ bu razılaşmaları hazırlayan tərəfdir. Putin yalnız tərəfimizə ötürülən təklifləri qəbul etdi. Top bizim meydançada deyil. Hərçənd ofsayddan bizə pas verməyə çalışsalar da, top bizim meydançada deyil. Bu, belə ola bilməz".

Lavrov Rusiyanın təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılmasının, Ukraynadakı rus icmasının və Ukrayna Pravoslav Kilsəsinin hüquqlarının qorunmasının vacibliyini vurğulayaraq, "Rusiyanın düşmənləri bu mövzuda xəbərdarlıqlarımıza davamlı olaraq göz yuma bilməz" ifadəsini işlədib.

Ukraynanın Rusiya torpaqlarına qarşı hücumlar təşkil etdiyinə diqqət çəkən Lavrov Qərb ölkələrinin Kiyevə bu məsələdə kömək etdiyini bildirərək, "Ukrayna ABŞ-ın birbaşa dəstəyi olmadan bu terror aktlarını təşkil edə bilməz" deyib.

Lavrov Ukrayna böhranının sülh yolu ilə həlli ehtimalına toxunaraq, "Ukraynadakı vəziyyətin siyasi və diplomatik üsullarla həllinin hələ də mümkün olduğuna əminəm. Putin bunu dəfələrlə bəyan edib. Danışıqlar masası arxasında ağıllı insanların əyləşməsi və məntiqli təkliflər irəli sürməsi halında danışıqlara hazırıq. Danışıqlara hazırıq, lakin aldadılmağımıza icazə verməyəcəyik" deyib.

Danışıqları yenidən başlatmaq xatirinə hərbi əməliyyatları dayandırmayacaqlarını qeyd edən Lavrov böhranın müvəqqəti həlli yolları ilə kifayətlənməyəcəklərini və bu barədəki ultimatumları qəbul etməyəcəklərini vurğulayıb.

Lavrov Rusiya sərhədlərində təhlükəsizliyin və bölünməzlik prinsipinə əsaslanan təhlükəsizlik sahəsində məcburi zəmanətlərin təmin edilməsinin, Qərbin də genişlənmə planlarından imtina etməsinin zəruriliyini qeyd edib.

Ukrayna böhranının həlli prosesində durğunluq yarandığına diqqət çəkən Lavrov bununla yanaşı ABŞ-ın Rusiyaya qarşı iqtisadi sahədə təzyiqlərini artırdığını və sanksiyalar tətbiq etməyə davam etdiyini bildirib.

Pentaqonun Ukrayna üçün yeni bir plan hazırladığını və bu plan çərçivəsində Ukraynadakı münaqişələrdə əldə edilən təcrübələr əsasında müharibənin aparılması metodları üzərində işlərin görüləcəyinə diqqət çəkib.

ABŞ-ın "Şimal Axımı" təbii qaz boru kəmərlərinin Avropadakı hissəsini satın almağı və təmir etməyi planlaşdırdığını qeyd edən Lavrov bu xətlərdən yalnız Rusiya qazının keçə biləcəyinə işarə edərək, "Bu vəziyyətdə qazı biz verəcəyik, amerikalılar isə qazı yaxşı bir mənfəət marjası ilə yenidən satacaqlar" deyib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kostanın ofisi ilə təmas qurduqlarını təsdiqləyən Lavrov "Kostanın əməkdaşları Rusiya nümayəndələri ilə Moskvada iki dəfə görüşüblər" ifadəsini işlədib.

Daha əvvəl Fransa və Böyük Britaniya nümayəndələrini Moskvaya göndərdiklərini bildirən Lavrov bu danışıqlardan nəticə çıxmadığını qeyd edərək, "Avropanın həqiqətən konstruktiv bir şey təklif etməsi halında avropalıları dinləməyə hazır olacağıq. Dinlədikdən sonra isə təklif olunanın bizim üçün uyğun olub-olmaması barədə düşünəcəyik" deyə bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu