ABŞ-İran sülh sazişinin yeri və tarixi məlum olub



"Bloomberg"in yaydığı məlumata görə, ABŞ və İran gələn həftə keçiriləcək G7 Sammiti çərçivəsində sülh sazişi imzalaya bilərlər.

AFN.az xəbər verir ki, sənədin hətta bu bazar günü kimi tez bir tarixdə imzalanması üçün İsveçrənin Cenevrə şəhəri mümkün məkan kimi gündəmə gəlib.

ABŞ ilə İran arasında reallaşdırılması planlaşdırılan anlaşma memorandumunun imza mərasiminin məhz Cenevrədə təşkil edilə biləcəyi vurğulanır.

"CNN" telekanalının üç diplomatik mənbəyə istinadən verdiyi xəbərdə də rəsmi mərasim üçün Cenevrənin ən güclü variant olduğu qeyd edilib.

ABŞ Prezidenti Donald Tramp cümə axşamı verdiyi bəyanatda İranla müharibəyə son qoya biləcək böyük bir kompromisdən bəhs edib və yaxın günlərdə yekunlaşması gözlənilən sənəd üçün tezliklə Avropada imza mərasiminin keçirilə biləcəyinə işarə vurub.

Tramp mərasimdə ölkəsini vitse-prezident Ceyms Devid Vensin təmsil edəcəyini proqnozlaşdırsa da, İran rəsmiləri hələlik sazişin əldə olunduğunu rəsmən təsdiqləməyiblər.

Diplomatik danışıqlardan məlumatlı olan iki fərqli mənbə isə imza mərasiminin Tramp və ABŞ nümayəndə heyətinin gələn həftə G7 sammiti üçün səfər edəcəyi Fransaya yaxınlığı səbəbindən Cenevrədə planlaşdırıldığını ifadə edib.

Mənbələrdən biri bu mərasimin anlaşma memorandumunun icra prosesini əhatə edən diplomatik danışıqların ikinci mərhələsinin başlanğıcı olacağını qeyd edib.

Sözügedən sənədin vasitəçilik missiyasını üzərinə götürən Pakistanın töhfələrinə görə "İslamabad Bəyannaməsi" adlandırıldığı bildirilir.

Bununla belə, məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib və iranlı digər bir mənbə Avstriyanın paytaxtı Vyana şəhərinin də hələ variantlar arasında qaldığını diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu