Süni intellekt peyvənd hazırladı



Kembric Universitetinin tədqiqatçıları ilk dəfə olaraq bir peyvəndin əsas komponentinin tamamilə süni intellekt tərəfindən dizayn edildiyini və insanlar üzərində sınaqdan keçirildiyini açıqlayıblar.

AFN.az xəbər verir ki, süni intellekt çox sayda virusa qarşı qoruma təmin edə biləcək və epidemiyaların qarşısını ala biləcək tamamilə yeni bir peyvənd növünün işlənib hazırlanması üçün istifadə edilib.

Yaradılan peyvənd bütün Covid variantlarını və heyvanlara yoluxan, lakin növbəti epidemiyanı başlatma potensialı olan virusları əhatə edəcək şəkildə, bütün koronaviruslar üzərində təsirli olacaq formada dizayn olunub.

Tədqiqatlar hələ ilkin mərhələdədir, lakin komanda qrip və Ebola ilə mübarizə apara biləcək fərqli peyvəndlər üzərində də işləyir.

Peyvəndlər bədənə infeksiyanı necə aşkar edəcəyini öyrədərək onunla mübarizə şansını artırır, lakin bəzi viruslar xarici görünüşlərini dəyişməkdə, yəni mutasiyaya uğramaqda mahir olduqları üçün peyvəndlərin qoruyuculuğu sürətlə azala bilir.

Covid və qrip peyvəndlərinin müntəzəm olaraq yenilənməsi də məhz bu səbəbdən qaynaqlanır.

Kembric Universitetindən Professor Conatan Hini hər zaman geridən gəldiklərini, etmək istədikləri şeyin isə epidemiyanın önünə keçmək olduğunu bildirərək, yeni epidemiya və ya pandemiyalara qarşı əvvəlcədən qoruma təmin etməyi hədəflədiklərini qeyd edib.

Normal şərtlərdə peyvəndlər virusun mövcud ştammı istifadə edilərək dizayn olunur.

Kembricdəki tədqiqatçılar isə potensial viral təhlükələri izləyən nəzarət proqramları tərəfindən qeydə alınan bir sıra koronavirusların genetik kodlarını toplayıblar.

Bu genetik kodlar süni intellekt tərəfindən analiz edilib.

Sistem, viruslar mutasiyaya uğrasa və ya heyvanlardan insanlara yeni bir infeksiya keçsə belə, bütün virus ailəsinə qarşı qoruma təmin edəcək şəkildə immunitet sistemini öyrədən bir super antigen dizayn edib.

İmmunitet sisteminin hücum etməyi öyrəndiyi strukturlar olduğu üçün antigenlər peyvəndlərin ən kritik komponentini təşkil edir.

Hini ilk dəfə süni intellekt tərəfindən dizayn edilən bir antigenin insanlar üzərində sınaqdan keçirildiyini diqqətə çatdırıb.

Təhlükəsizlik testləri üçün 39 nəfər üzərində aparılan sınaqlardan sonra peyvəndin immunitet sistemini nə dərəcədə yaxşı öyrətdiyini daha aydın anlamaq məqsədilə təxminən 200 nəfərin qatılacağı ikinci bir tədqiqat həyata keçirilir.

"Journal of Infection" jurnalında təfərrüatları paylaşılan tapıntılar immunitet sistemi üzərindəki təsirin mülayim səviyyədə olduğunu göstərsə də, araşdırma elm dünyasında həyəcan yaratmağa davam edir.

Sınaqların bir hissəsini Sauthempton Universitetində reallaşdıran Professor Saul Faust süni intellekt dizaynının qəti bir potensialı olduğunu və həyəcanverici xarakter daşıdığını ifadə edib.

Faust vurğulayıb ki, burada real maraq doğuran məqam texnologiyanın virusların dəyişdiyi potensial pandemiyalar üçün peyvənd dizayn etməkdə çox daha uğurlu olmasıdır.

Kembric komandası hər il uyğunlaşdırılması tələb olunmayan universal mövsümi qrip peyvəndləri ilə yanaşı, hazırda quş populyasiyalarına zərər verən virusun insanlarda pandemiyaya çevrilməsi ehtimalına qarşı H5N1 quş qripi peyvəndi üzərində heyvan araşdırmaları aparır.

Tədqiqatçılar həmçinin Ebola növlərini də ehtiva edən viral hemorragik qızdırmalara qarşı bir peyvənd üzərində işləyirlər, çünki Konqo Demokratik Respublikasındakı mövcud epidemiyaya hələ peyvəndi hazırlanmamış bir virus növü səbəb olur.

Tədqiqatda iştirak etməyən Oksford Peyvənd Qrupunun Direktoru Professor Endi Pollard bu yanaşmanın heyvan araşdırmalarında inandırıcı sübutlar ortaya qoyduğunu qeyd edib.

Pollard əsl sınağın insan sınaqlarında görünəcəyini, çünki insan immunitet sisteminin laboratoriya siçanlarından fərqli olduğunu vurğulayıb.

Süni intellektin peyvənd araşdırmalarında qaydaları dəyişəcəyini qeyd edən Pollard süni intellekt alətlərinin immunitet sisteminin bir peyvəndə necə reaksiya verəcəyini təxmin etmək potensialı daşıdığını bildirib.

Milli Sağlamlıq və Baxım Araşdırmaları İnstitutunun Elmi Direktoru Professor Marian Nayt isə bu sınağın genişmiqyaslı viral qoruma üçün mühüm sıçrayış olduğunu qiymətləndirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu