Putin: Kiyev daxili siyasətdəki vəziyyətə görə böhranı həll etməyə hazır deyil
Rusiya Prezidenti Vladimir Putin Kiyev rəhbərliyinin daxili siyasətdəki vəziyyətlə əlaqədar böhranı həll etməyə hazır olmadığını bildirərək, Ukrayna ilə barışıq sazişini legitim hökumətlə imzalamaq istədiklərini bəyan edib.
AFN.az xəbər verir ki, Rusiya lideri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşüb.
Donbas bölgəsinin hamısına nəzarət etmək istədikləri, yoxsa razılığa gəlməyə hazır olduqları barədə suala cavab verən Putin bu məsələlərin bir-biri ilə ziddiyyət təşkil etmədiyini söyləyib.
Rusiya ordusunun Ukraynada cəbhənin bütün istiqamətlərində irəlilədiyini qeyd edən Putin son vaxtlar təxminən 2440 kvadratkilometr sahəyə nəzarətin təmin olunduğunu, Rusiya qüvvələrinin hər gün irəlilədiyini, ölkəsinin Luqansk Xalq Respublikasının hamısını, Donetsk Xalq Respublikasının 85 faizini, Zaporojye vilayətinin isə 80 faizini nəzarətə götürdüyünü və bu prosesin davam etdiyini diqqətə çatdırıb.
Ukraynanın döyüşlərdə böyük itkilər verdiyinə işarə edən Rusiya dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin əsgər sayının son dövrlərdə 100 min azaldığını, aylıq itkilərinin 40 min civarında olduğunu, bu ilin əvvəlində ordudan qaçanların sayının isə təxminən 60 minə çatdığını iddia edərək, insanların orduya məcburi aparıldığını, motivasiyalarının olmadığını və kimsənin döyüşmək istəmədiyini irəli sürüb.
Vladimir Putin Ukrayna böhranını sülh yolu ilə həll etməyə hazır və istəkli olduqlarını vurğulayaraq, ABŞ Prezidenti Donald Trampla Ankoricdə əldə etdikləri prinsiplər əsasında razılığa gəlməyə hazır olduqlarını bildirib.
Ukrayna rəhbərliyinin hakimiyyətdə qalmaq üçün döyüşləri dayandırmaq istəmədiyini iddia edən Putin Kiyevin daxili siyasətdəki vəziyyətə görə böhranı həll etməyə hazır olmadığını, orada sülh təmin ediləcəyi təqdirdə Kiyevdəki daxili siyasi mübarizənin, hakimiyyət davasının və iqtisadi vəziyyətin kökündən pisləşəcəyini söyləyib.
Danışıqlar aparmaq üçün qarşıdurmaların dayandırılmasına ehtiyac olmadığını qeyd edən Rusiya lideri döyüşlərin əvəzinə, Ankoricdə əldə olunan uzlaşmalar xətti ilə müharibəni tamamilə dayandırmağın daha yaxşı olacağını vurğulayıb.
Ukrayna hökumətinin legitimliyi ilə bağlı suala isə Putin sülh sazişini qanuni rəhbərliklə imzalamaq istədiklərini bildirib.
Rusiya Prezidenti ölkəsinin Ukraynadakı hərbi sənaye obyektlərinə qarşı sistemli şəkildə həyata keçirdiyi hücumlarda "Oreşnik" orta mənzilli hipersəs ballistik raketindən tam miqyasda istifadə etmədiklərini qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranını səmimi şəkildə həll etməyə çalışdığını bildirən Putin Trampın təkliflərinin sülh sazişinin əsasını təşkil edə biləcəyi qənaətini bölüşüb.
ABŞ rəhbərliyinin hazırda İran böhranı ilə məşğul olduğuna diqqət çəkən Rusiya lideri Ukraynadakı böhranın regional xarakter daşıdığı halda, İranla bağlı böhranın qlobal xarakterli olduğunu bildirib.
Avropanın Ukrayna böhranının həlli prosesində yer alması üçün neytral olmalı olduğunu vurğulayan Putin Rusiyanın Avropaya hücum etmək istədiyi barədə iddiaları cəfəngiyat adlandırıb.
Rusiyanın Avropaya hücum etmək istədiyi barədə iddiaların cəfəngiyat və təxribat olduğunu vurğulayan Putin NATO ilə müharibə etməyin mənasız olduğunu deyib.
İrandakı vəziyyətlə bağlı isə Putin İran xalqının böhranların həllində öz maraqlarının da nəzərə alınmalı olduğunu sübut etdiyini bildirib.
ABŞ və İranın böhranın həllinə yönəlmiş addımlarının müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirən Rusiya Prezidenti rəsmi Moskvanın bu prosesdə kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.
Fələstin probleminin İran və Hörmüz boğazındakı vəziyyət səbəbindən unudulduğunu iddia edən Putin bu faciənin davam etdiyini vurğulayıb.
ABŞ-nin Hindistana təzyiq göstərməyə çalışdığını qeyd edən Rusiya dövlət başçısı bunun beynəlxalq münasibətlərə zərər vurduğunu və Hindistanla əlaqələri inkişaf etdirməyə davam edəcəklərini bildirib.
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasını da qiymətləndirən Putin bunun Avrasiya İqtisadi Birliyindəki üzvlük ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

