Tramp 1,8 milyard dollarlıq silahlanma əleyhinə fonddan geri addım atmağı düşünür



Donald Trampın müttəfiqlərinə təzminat ödənilməsi məqsədilə qurulan 1,8 milyard dollarlıq fondu davam etdirmək məsələsinə yenidən baxdığı bildirilib.

AFN.az xəbər verir ki, bu qərar ABŞ Ədliyyə Nazirliyinin məhkəmə qətnaməsinə əməl etmək üçün proqramı dayandırmasının ardından gəlib.

Trampın silahlanma əleyhinə adlandırdığı fond iki həftə əvvəl elan edilməsindən bəri hüquqi maneələrlə üzləşib.

Təşəbbüs eyni zamanda nəzarət çatışmazlığı və 6 yanvar 2021-ci il tarixdəki Konqres binasına hücumda iştirak edənlərə ödəniş edilməsi ehtimalı səbəbindən respublikaçılar arasında da etiraza səbəb olub.

Bəzi respublikaçılar Ağ Evə fonddan tamamilə imtina edilməsi istiqamətində təzyiq göstərirlər.

Senatda çoxluğun lideri Con Tün jurnalistlərə verdiyi açıqlamada bu vəziyyəti həll etməyin ən yaxşı yolunun administrasiyanın fondu öz istəyi ilə bağlaması olduğunu düşündüyünü ifadə edib.

Senatdakı demokratlar isə Donald Trampın Gəlirlər İdarəsinə (IRS) qarşı açdığı və qazanmaq şansı aşağı hesab edilən məhkəmə işinin barışıqla nəticələnməsi sayəsində qurulan bu strukturu "Maga gizli fondu" adlandıraraq respublikaçıları bu məsələdə səsverməyə məcbur edəcəklərini bəyan ediblər.

Təşəbbüsü siyasi məqsədli məhkəmə işlərinin qurbanlarına ödəniş etmək vasitəsi kimi xarakterizə edən Trampın öz partiyasından da etirazlar yüksəlir.

Fondun şərtləri kimlərə nə qədər ödəniş edildiyinin açıqlanmasını məcburi etmir.

Administrasiya rəsmiləri ödəniş ediləcək şəxslər arasında əfv olunmuş 6 yanvar iştirakçılarının da ola biləcəyini qeyd etmişdilər.

Senatda azlığın lideri Çak Şumer həmkarlarına göndərdiyi məktubda Trampın təxminən 2 milyard dollarlıq "Maga gizli fondu"nun onun öz maraqlarına yönəlmiş ən utanmaz addımı və bir prezident tərəfindən başladılan ən korrupsiyalaşmış planlardan biri olduğunu qiymətləndirib və Senat demokratlarının buna icazə verməyəcəyini vurğulayıb.

Tramp vergi bəyannamələrinin sızdırılması səbəbindən federal hökumətə qarşı məhkəmə iddiası qaldırmışdı.

Mübahisəli fond onun təyin etdiyi rəsmilər vasitəsilə nəzarət etdiyi IRS-ə qarşı açılan bu davanın ötən ay razılaşma ilə başa çatmasından sonra elan olunmuşdu.

Qurumun məhkəmədə özünü müdafiə etməməsi sövdələşmə və korrupsiya ittihamlarını da bərabərində gətirib.

Məhkəmə fondu müvəqqəti olaraq dayandırıb.

Virciniyadakı ABŞ dairə hakimi Leoni Brinkema "Democracy Forward" adlı təşkilatın fondun ləğvi üçün iddia qaldırmasından sonra cümə günü administrasiyanın fonddan pul köçürməsi etməsini müvəqqəti olaraq qadağan edib.

Trampın ilk prezidentlik dövründəki vitse-prezidenti Mayk Pens bazar günü NBC kanalının proqramında verdiyi açıqlamada polis əməkdaşlarına hücum edən və ABŞ Konqres binasına ziyan vuran şəxslərə federal hökumət tərəfindən təzminat ödənilməsi ehtimalını son dərəcə təhqiramiz adlandırıb.

Pens bu fikrin əksər respublikaçılar və amerikalılar tərəfindən bölüşüldüyünü də əlavə edib.

Kaliforniya qubernatoru Qavin Nyusom fonddan yararlanan kaliforniyalı vergi ödəyicilərinə 100 faiz gəlir vergisi tətbiq edilməsini təklif edib.

Bənzər təkliflər İllinoys, Nyu-York və Konnektikut ştatlarında da gündəmə gəlib.

Fondun açıq-aşkar korrupsiya olduğunu müdafiə edən Şumer demokratların Senatdakı respublikaçıları fonddan ödəniş edilməsini əngəlləyəcək bir qanun layihəsini səsverməyə çıxarmağa məcbur edəcəyini qeyd edib.

Demokratların qeydlərin qorunmasını tələb edəcəyini və iclasların təşkil olunması üçün təzyiq göstərəcəyini ifadə edən Şumer büdcə müzakirələri daxil olmaqla hər sahədə bu fondu bağlamaq üçün mübarizə aparacaqlarını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu