Brent neftinin barrel qiyməti 96 dolları ötüb
Brent neftinin barrel qiyməti İranın ABŞ ilə apardığı mesaj mübadiləsini dayandırdığına dair xəbərlərin təsiri ilə 96 dolları keçib.
AFN.az xəbər verir ki, cümə gününü 91,12 dollar səviyyəsində başa vuran Brent neftinin fyuçers barrel qiyməti bu gün saat 17:43-ə olan məlumata görə, əvvəlki qapanışla müqayisədə təxminən 5,37 faiz artaraq 96,01 dollara yüksəlib.
Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin barreli də 6,4 faiz bahalaşaraq 92,95 dollardan alıcı tapıb.
Qiymətlərin kəskin artmasında İsrailin Livana qarşı hücumlarının davam etməsi səbəbindən İranın vasitəçilər vasitəsilə ABŞ ilə apardığı mesaj mübadiləsini dondurması barədə yayılan xəbərlər əsas rol oynayıb.
İranın "Tesnim" Xəbər Agentliyinin məlumatında qeyd olunub ki, rəsmi Tehran danışıqların yenidən başlaması üçün İsrailin Livana hücumlarını dayandırmasını və işğal etdiyi bölgələrdən geri çəkilməsini şərt kimi irəli sürüb.
Bundan əlavə, İranın Hörmüz boğazını tamamilə bağlamağı, həmçinin Babülməndəb boğazı da daxil olmaqla digər cəbhələri aktivləşdirməyi gündəmə gətirdiyi bildirilib.
