Ərəb ölkələri ABŞ və İran danışıqlarında təhlükəsizlik təminatı istəyirlər
Fars körfəzi ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampla son danışıqlar zamanı Vaşinqtonu öz dövlətləri üçün İrandan təhlükəsizlik təminatı almağa çağırıblar.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və regionun digər ölkələrinin liderləri ABŞ və İran arasında Tehranın raket proqramı ilə bağlı bəndləri nəzərdə tutmayan mümkün sazişin imzalanmasından narahatdırlar. Qəzet qeyd edir ki, danışıqlar zamanı raket proqramı hələlik müzakirə olunmayıb. Körfəz ölkələrinin rəhbərləri yeni eskalasiya baş verəcəyi təqdirdə öz ərazilərindəki enerji obyektlərinin zərər çəkə biləcəyindən ehtiyat edirlər.
Eyni zamanda, Fars körfəzi dövlətləri Trampla danışıqlar zamanı münaqişənin mənfi iqtisadi nəticələrinə diqqət çəkərək, onu İranla mümkün qədər tez razılığa gəlməyə çağırıblar.

