İran “İslam NATO"su yaratmaq istəyir
İran daxili işlər nazirinin xüsusi köməkçisi Məhəmməd-Həsən Nami 57 müsəlman ölkəsinin NATO-ya bənzər “İslam NATO"su yaratmalı olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə Iran International məlumat yayıb.
Onun sözlərinə görə, təxminən 60 ölkədən ibarət olacaq belə bir blok böyük qlobal gücə çevrilə bilər. Nami qeyd edib ki, müsəlman ölkələri birləşərək “İslam NATO"su adlandırılacaq alyans yaratsalar, beynəlxalq səviyyədə ciddi təsir imkanlarına sahib olarlar.
İran rəsmisi bildirib ki, belə bir ittifaq strateji əhəmiyyətə malik coğrafi arteriyalara, xüsusilə Hörmüz boğazına nəzarət etdiyi üçün üstün mövqeyə malik olacaq. O əlavə edib ki, alyansın mühüm üstünlüklərindən biri də böyük iqtisadi potensialıdır.
Bundan əvvəl Bloomberg agentliyi yazmışdı ki, əgər Hörmüz boğazı bu ilin avqust ayına qədər bağlı qalarsa, dünya iqtisadiyyatı 2008-ci il böhranına bənzər ciddi tənəzzüllə üzləşə bilər.

