Pentaqon Avropadakı döyüş briqadalarının sayını azaltdı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avropada yerləşdirilmiş ABŞ döyüş briqadalarının sayının dörddən üçə endirildiyini bildirib.
AFN.az xəbər verir ki, Pentaqonun sözçüsü Şon Parnell "X" sosial şəbəkəsindəki hesabında etdiyi açıqlamada Avropadakı ABŞ hərbi briqadalarının sayının 2021-ci il səviyyəsinə qaytarılacağını qeyd edib.
Bu çərçivədə Avropadakı döyüş briqadalarının sayının dörddən üçə düşürüldüyünü bildirən Parnell bu vəziyyətin ABŞ qüvvələrinin Polşada yerləşdirilməsində gecikməyə səbəb olacağını ifadə edib.
"Washington Post" qəzetinin məlumatına görə, sözügedən briqadaların hər birində təxminən 4 min əsgər, tank və müxtəlif dəstək texnikası mövcuddur.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens daha əvvəl Polşadakı ABŞ hərbçilərinin sayını azaltmadıqlarını, sadəcə əsgər göndərilməsini təxirə saldıqlarını bildirmişdi.
Vens Avropa ölkələri ilə hələ də güclü münasibətlərinin olduğunu, lakin Avropanın öz ayaqları üzərində durmalı olduğunu söyləmişdi.



