Qrenlandiyadan ABŞ-a etiraz: Biz sınaq obyekti deyilik



ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendrinin adaya səfəri zamanı özü ilə bir həkim aparması Qrenlandiya rəhbərliyinin sərt reaksiyasına səbəb olub.

AFN.az xəbər verir ki, rəsmilər keçmişdə səhiyyə siyasəti üzərindən yaşanan istismarları xatırladaraq "Qrenlandiyalılar geosiyasi layihənin sınaq obyektləri deyillər" mesajını veriblər.

Lendrinin Qrenlandiya səfəri zamanı həkim Cozef Qriffini də özü ilə aparması müzakirələrə yol açıb. Qriffinin sağlamlıq ehtiyaclarını qiymətləndirmək məqsədilə Nuk şəhərinə gəldiyinin bildirilməsi Qrenlandiyanın Səhiyyə naziri Anna Vanqenheym tərəfindən sərt şəkildə tənqid edilib.

Vanqenheym Qrenlandiya yerlilərinin keçmişdə səhiyyə xidmətləri adı altında istismar edildiyini xatırladaraq, səhiyyə sahəsinin geosiyasi alətə çevrilməsinə etirazını bildirib.

Vanqenheym açıqlamasında Qrenlandiyanın coğrafi uzaqlığı, tibb işçilərinin çatışmazlığı və demoqrafik təzyiqlər səbəbindən kövrək bir quruluşa sahib olduğunu deyib.

ABŞ-ın Qrenlandiyanı öz torpaqlarına qatmaq istiqamətindəki siyasi bəyanatlarına diqqət çəkən nazir "Qrenlandiyalılar bir geosiyasi layihənin sınaq obyektləri deyillər. Səhiyyə sistemimiz ancaq qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və Qrenlandiyanın azad iradəsi ilə inkişaf etdirilə bilər" ifadələrini işlədib.

Baş nazir Yens Frederik Nilsen də bazar ertəsi günü Lendri və ABŞ-ın Kopenhagendəki səfiri Kennet Hoveri ilə keçirdiyi görüşdən sonra həkim təşəbbüsünü tənqid edib.

Nilsen Qrenlandiyadakı səhiyyə şəraiti haqqında məlumat almaq istəyən tərəflərin doğru diplomatik kanallar üzərindən hərəkət etməli olduğunu söyləyib.

Baş nazir həmçinin ABŞ ilə dialoqu davam etdirməyə açıq olduqlarını, lakin Qrenlandiya xalqının satılıq olmadığını və öz müqəddəratını təyin etmə hüququnun müzakirəyə qapalı olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a bağlamaq istiqamətindəki açıqlamaları həm Qrenlandiyada, həm də bağlı olduğu Danimarkada narahatlıq yaradır.

Tramp fevral ayında Qrenlandiyaya böyük bir xəstəxana gəmisi göndərəcəyini demişdi, lakin həmin gəmi adaya çatmayıb.

Müzakirələr Danimarkanın Qrenlandiyalı qadınlara qarşı keçmiş tətbiqlərini də yenidən gündəmə gətirib.

Danimarka hökuməti 1960-cı və 1970-ci illərdə inuit əhalisini nəzarət altında saxlamaq məqsədilə həyata keçirilən "spiral kampaniyası" çərçivəsində minlərlə qadın və qız uşağına məcburi doğum nəzarəti metodunun tətbiq edildiyini qəbul etmişdi.

Mette Frederiksen 2025-ci ildə verdiyi açıqlamada Qrenlandiyalı qadınlara sistemli ayrı-seçkilik edildiyini bildirərək Danimarka adından rəsmən üzr istəmişdi.

1953-cü ilə qədər Danimarka müstəmləkəsi olan Qrenlandiyada azı 4 min 500 nəfərin bu tətbiqdən əziyyət çəkdiyi bildirilir.

Keçmiş baş nazir və hazırkı xarici işlər naziri Mute Egede isə sözügedən siyasəti "soyqırım" olaraq xarakterizə etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu