Şimali koreyalı futbolçular 7 ildən sonra ilk dəfə Cənubi Koreyaya gəliblər



Şimali Koreyanın "Naeqohyanq" qadın futbol klubu AFC Qadınlar Çempionlar Liqasının yarımfinal mərhələsində iştirak etmək üçün Cənubi Koreyaya gəlib.

AFN.az xəbər verir ki, bununla da şimali koreyalı idmançılar 7 ildən artıq davam edən fasilədən sonra ilk dəfə Cənubi Koreya torpaqlarına ayaq basıblar.

Pxenyanı təmsil edən "Naeqohyanq" klubunun 39 nəfərlik heyəti Pekindən gələn təyyarə ilə İnçxon Beynəlxalq Hava Limanına eniş edib.

Komandanın üzvləri və texniki heyət hava limanındakı sıx media marağı və geniş təhlükəsizlik tədbirləri fonunda öz avtobuslarına doğru hərəkət ediblər.

İki ölkənin birləşməsini dəstəkləyən qrupların "Xoş gəlmisiniz" şüarlarına baxmayaraq, futbolçuların səssiz və emosiyasız davranışları diqqət çəkib.

Bu səfər Cənubi və Şimali Koreya münasibətlərində mühüm bir dövrə təsadüf edir.

Şimali Koreya lideri Kim Çen In son vaxtlar iki ölkə arasındakı ayrılığı konstitusiya səviyyəsində daha da kəskinləşdirən addımlar atır, Pxenyan rəhbərliyi isə yeni raket, döyüş gəmisi və sualtı qayıq layihələrini ön plana çıxarır.

Buna rəğmən Cənubi Koreya Prezidenti Li Cae Myunq iki ölkə arasındakı gərginliyi azaltmağa yönəlmiş daha mülayim bir siyasət yürütməyə çalışır.

Turnirin yarımfinal matçı isə böyük marağa səbəb olub. "Naeqohyanq" qadın futbol klubu AFC Qadınlar Çempionlar Liqasının yarımfinalında Cənubi Koreya təmsilçisi "Suvon FK Vimen" ilə qarşılaşacaq.

Suvon şəhərində keçiriləcək oyun üçün satışa çıxarılan 7 mindən çox biletin qısa müddətdə tükəndiyi bildirilir.

Qarşılaşma üçün həmçinin qeyri-hökumət təşkilatlarının yaratdığı birgə azarkeş qrupu tərəfindən təxminən 3 min yer alınıb.

Qeyd edək ki, Şimali Koreya qadın futbolu son illərdə beynəlxalq uğurları ilə seçilir.

Ölkənin 20 yaşadək qadınlardan ibarət milli komandası iki il əvvəl FİFA U-20 Qadınlararası Dünya Kubokunun qalibi olub. "Naeqohyanq"ın heyətindəki bəzi oyunçuların da həmin çempion komandada yer aldığı qeyd edilir.

Şimali Koreya eyni zamanda U-17 Qadınlararası Dünya Kubokunun son iki turnirində də çempionluq sevinci yaşayıb.

Şimali koreyalı idmançılar Cənubi Koreyaya sonuncu dəfə 2018-ci ildə səfər etmişdilər. Həmin dövrdə iki ölkə birgə stolüstü tennis komandası ilə beynəlxalq turnirdə iştirak etmiş, eləcə də həmin il Pxençan Qış Olimpiya Oyunlarında birləşmiş qadın buz xokkeyi komandası yaradılmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu