Trampın Çinə səfəri zamanı razılaşdırılmış iqtisadi məsələlər açıqlanıb
Ağ Ev ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başçısı Si Cinpinin görüşlərində iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsinə dair əldə olunmuş razılaşmalar barədə bəyanat yayıb.
AFN.az xəbər verir ki, bəyanatda bir ABŞ Prezidentinin 2017-ci ildən bəri Çinə reallaşdırdığı bu ilk səfər çərçivəsində Donald Trampın Çin rəhbəri Si Cinpin ilə müxtəlif mövzularda ortaq məxrəcə gəldiyi diqqətə çatdırılıb.
Razılaşdırılmış məsələlər barədə məlumat verilən sənəddə hər iki liderin iqtisadi əlaqələri gücləndirmək məqsədilə ABŞ-Çin Ticarət və İnvestisiya Şuralarının yaradılmasına qərar verdiyi bildirilib.
Qeyd olunub ki, Ticarət Şurası ABŞ və Çin hökumətlərinə strateji baxımdan həssas xarakter daşımayan malların ikitərəfli ticarətini idarə etmək imkanı yaradacaq, İnvestisiya Şurası isə qarşılıqlı qoyulan sərmayələrlə bağlı məsələlərin müzakirəsi üçün hökumətlərarası platforma funksiyasını yerinə yetirəcək.
Trampın yüksək maaşlı amerikalı iş yerlərinin yaradılmasını stimullaşdıracaq və ABŞ məhsulları üçün yeni bazarlar açacaq genişmiqyaslı öhdəliklər paketi üzrə danışıqları tamamladığı vurğulanan bəyanatda həmin bəndlərin təfərrüatları da yer alıb.
Sənədə əsasən, Çin nadir torpaq elementləri və digər kritik mineralların tədarük zəncirindəki fasilələrlə bağlı ABŞ-ın narahatlıqlarını aradan qaldıracaq, həmçinin nadir torpaq metallarının hasilatı və emalı avadanlıqları ilə texnologiyalarının satışına qoyulan qadağalar və ya məhdudiyyətlər barədə rəsmi Vaşinqtonun iradlarını nəzərdən keçirəcək.
Çinin öz aviaşirkətləri adından ABŞ istehsalı olan 200 ədəd Boeing təyyarəsinin alınmasını təsdiqlədiyi bildirilən bəyanatda bunun ABŞ-ın istehsalat sektorunda yüksək maaşlı və yüksək ixtisaslı iş yerlərinin yaradılmasına böyük töhfə verəcəyi vurğulanıb.
Digər tərəfdən, Çinin 2025-ci ilin oktyabrında üzərinə götürdüyü soya paxlası alışı öhdəliklərinə əlavə olaraq, 2026, 2027 və 2028-ci illərdə ABŞ-dan hər il ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları idxal edəcəyi bildirilib.
Eyni zamanda Çinin ABŞ-dan olan mal əti məhsullarının daxili bazara çıxışını yenidən təmin etdiyi, quş qripindən tamamilə təmiz olduğu müəyyən edilən ABŞ ştatlarından isə quş əti idxalını bərpa etdiyi rəsmi şəkildə qeyd olunub.
